Bilikli cəmiyyət naminə


İqtisadi modernləşmənin postneft mərhələsinə qədəm qoyan Azərbaycanın son illər ictimai həyatın bütün sahələri üzrə inamlı islahatlar həyata keçirməsi praktik nəticələrini həm də elm-təhsil sisteminin keyfiyyətcə müasirləşməsində göstərir. Yeni dövrün aktual çağırışlarına cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar həm də ölkədə müasir biliklərin tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində olan Azərbaycan məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi kimi biliklərə söykənən cəmiyyət modelini uğurla reallaşdırır.

 Gələcəyə hesablanmış hədəflər

Xüsusi vurğulamaq lazımdır ki, bu günlərdə anadan olmasının 93-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri, böyük ictimai-siyasi xadim Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra təhsilə, elmə, bilik iqtisadiyyatına əsaslanan modern cəmiyyət quruculuğunu prioritet məsələlərdən biri elan etmiş, yeni ictimai formasiyada ictimai rəyin pozitiv dəyişikliklərə hazırlanmasını, kreativ düşüncəli, intellektual vətəndaşın yetişdirilməsini milli ideyanın mühüm tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Ümummilli lider ümumi rifah və inkişaf naminə cəmiyyətdə bilik və intellektin yeganə meyara çevrilməsini, insanların maarifləndirilməsini, milli ideyalar ətrafında səfərbər olunmasını da vacib saymışdır. 

Müstəqilliyin fəlsəfi-konseptual səviyyədə dərkini ön plana çəkən ulu öndər Heydər Əliyev xüsusən də gənc nəslə azərbaycançılıq ideologiyasının mahiyyətini tam mənimsəməyi, dövlətə, xalqa və onun milli-mənəvi irsinə, müqəddəs atributlarına dərin məhəbbətlə yanaşmağı tövsiyə etmişdir. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin hələ 1998-ci il 13 mart tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam da dövlət atributlarının gənc nəslə təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir” deyən ulu öndərin sözügedən sərəncamı əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, yetişən yeni nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik, vətənçilik, həmrəylik hisslərini gücləndirmişdir.
Ulu öndər Heydər Əliyevin elmin, təhsilin, müasir biliklərin inkişafı, cəmiyyətin bütün sahələrdə maarifləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi mükəmməl strategiya son 13 ildə onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilir. Dayanıqlı inkişafda elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi amil kimi qəbul edən ölkə Prezidenti son illər respublikada elmin, təhsilin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətin bilik səviyyəsinin yüksəldilməsi, elm və təhsil işçilərinin nüfuzunun artırılması, uğurlu elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir.
Müasir dövrdə mühüm siyasi və iqtisadi qərarların qəbulu mərhələsində elmi postulatlara, proqnozlara, təhlillərə istinad olunması, cəmiyyətin pozitiv yeniliklərə hazırlanması, maarifləndirilməsi ciddi məsələlər kimi qarşıda durur. Dövlət başçısı cənab İlham Əliyev bu zərurəti önə çəkərək demişdir: “Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir... 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun”.

 Qüvvət elmdədir...

 Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, bilik və intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm addımlardan biri də dövlət başçısı İlham Əliyevin 7 may 2014-cü il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” sərəncamı əsasında Bilik Fondunun yaradılması olmuşdur. 

Məlumdur ki, ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan da daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu reallıqlara nəzərən ölkə başçısının Bilik Fondunun yaradılmasını nəzərdə tutan sərəncamının preambula hissəsində qarşıya qoyulan məqsədin konseptual məzmunu dəqiqliklə açıqlanmışdır: “Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyillərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir”.
Etiraf etmək lazımdır ki, sürətli tərəqqi yolu keçən Azərbaycanda son illərə qədər ictimai həyatın ən müxtəlif sahələri üzrə maarifçilik və təbliğat-təşviqat işinin həyata keçirilməsini təmin edən dövlət qurumunun olmaması ümumi inkişaf harmoniyası ilə uzlaşmırdı. Ölkəmizdə maarifçilik ənənələrinin davam etdirilməsi məsuliyyətini bazar iqtisadiyyatı şəraitində sırf kütləvi informasiya vasitələrinin, yaxud da ictimai təsisatların - qeyri-hökumət təşkilatlarının üzərinə qoymaq da istənilən səmərəni verə bilməzdi. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” (2009) əsərində  bu sahədəki problemləri haqlı olaraq önə çəkmişdir: “...Gənc nəslin azərbaycançılıq  ruhunda  tərbiyəsi  prosesi  heç  də  problemsiz  deyildir. Gənclərimizin  əsl  azərbaycanlı   kimi tərbiyəsi  bizim  vətəndaşlıq  borcumuzdur  və  xalqımızın  gələcəyi  deməkdir.  Müasir  dünyada  vəzifələrimizin öhdəsindən  layiqincə   gələ bilməyimiz   üçün    aidiyyəti    elmi     qurumlar    azərbaycançılıq      məfkurəsinin nəzəri-konseptual   əsaslarını    işləyib   hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi məsələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır”.
Bütün bu reallıqlar fonunda Bilik Fondunun yaradılması XIX əsrin sonları - XX əsrin əvvəllərində Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Firidun bəy Köçərli və başqalarının səyləri ilə ictimai düşüncədə möhkəm dayaqlar tapmış maarifçilik hərəkatının yeni və müasir əsasda bərpasına, ən başlıcası, dövlət və xalq maraqları əsasında həyata keçirilməsinə imkan yaratmışdır.

 Nəcib məqsədlərə doğru

 Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən; qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan; azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq fondun əsas məqsədidir. Eləcə də əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; əhaliyə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycanın dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlar təşkil etmək; fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək fondun əsas vəzifələri sırasındadır.

 Maarifləndirmə işində yeni impuls

Müasir  dünyanın  aparıcı  dövlətlərinin  keçdiyi  təkamül  yolu, onların  təcrübəsi, həmçinin dünyanın içində olduğu qlobal problemlərin mahiyyəti təsdiq edir ki, sosial proseslərdə intellektual potensialın yaxından iştirakı, elmi qurumların yeri və rolu prinsipial məsələdir. Başqa sözlə, dövlət öz gələcəyi ilə bağlı fundamental tədqiqatların həyata keçirilməsi   prosesini    himayə    edərək    konkret  addımlar  atdıqda əldə olunan  yeniliklər  daha səmərəli və faydalı olur. Cəmiyyətin intellektual  kəsiminin iştirakı ilə  formalaşan, “beyin mərkəzi”   qismində çıxış edən  elmi-siyasi institutlarda hasil olan   layihələr    ictimai    həyatın   ən    müxtəlif sahələrində   mütərəqqi   yenilikləri    stimullaşdırır.   Məsələn, ABŞ-ın nüfuzlu “Gellap International” institutunun keçirdiyi sorğuların,   açıqladığı    elmi   qənaətlərin,   ərsəyə gətirdiyi tədqiqatların mötəbərliyi sivil dünya ölkələrində ciddi qəbul olunur. 

Bu mənada Bilik Fondunun yaradılmasında məqsəd təkcə cəmiyyətin maarifləndirilməsi deyil, eyni zamanda ictimai əhəmiyyətli elmi, sosial-fəlsəfi, kulturoloji tədqiqatların, araşdırmaların dəstəklənməsidir. Dünya bazarında neftin qiymətlərinin siyasi konyunktur əsasında müəyyənləşdiyi hazırkı siyasi-iqtisadi reallıqlar da təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi ilk növbədə bilikli, intellektual cəmiyyətin formalaşdırılması ilə sıx şəkildəbağlıdır.

Qısa müddətdə təşkilatlanaraq nizamnamə ilə müəyyənləşdirilmiş məqsəd və vəzifələrinə müvafiq şəkildə fəaliyyət göstərən Bilik Fondu cəmi 2 il müddətində nəzərəçarpacaq uğurlara imza atmış, həyata keçirdiyi layihələrlə istər respublikada, istərsə də beynəlxalq miqyasda tanınmış, rəğbət qazanmışdır. Fond struktur etibarilə “Ölkədaxili layihələr”, “Beynəlxalq layihələr”, “İnformasiya təminatı” sektorlarından, habelə “Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu”ndan ibarətdir. Son   iki   ildə Fondun Oğuz, Qax, Astara rayonlarında “Bilik evi”, İsmayıllıda 5 rayonu əhatə edən Regional   Mərkəz yaradılaraq fəaliyyətə başlamışdır. Habelə Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Bilik evi”nin fəaliyyətə başlaması qəsəbə sakinlərinin maarifləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. 
Cəmi 20 ştat vahidindən ibarət olmasına baxmayaraq, fondun nəcib məqsədləri ilə ətrafında 3000 nəfərə yaxın könüllünü, 250 nəfərdən artıq mühazirəçini birləşdirməsi qarşıda duran strateji məqsədlərin qısa müddətdə uğurla reallaşdırılmasına imkan vermişdir. Xüsusi vurğulamaq lazımdır ki, fondun mühazirəçiləri arasında ölkə miqyasında tanınmış nüfuzlu alimlərin - akademiklərin, fəlsəfə doktorlarının, müəllimlərin, jurnalistlərin, ziyalıların olması həyata keçirilən layihələrin səmərəliliyini bir qədər də artırır. Fondun nəzdində fəaliyyət göstərən Koordinasiya (Əlaqələndirmə) Şurasının xəttilə yaradılmış elm və təhsil; hüquqi maarifləndirmə; gənclərlə iş və vətənpərvərlik; sosial, tibbi və ekoloji; multikulturalizm və tolerantlıq; iqtisadi maarifləndirmə və digər mühüm bölmələrə görkəmli alimlər, habelə bir sıra nazirliklərin rəhbərlikləri tərəfindən namizədlikləri irəli sürülmüş vəzifəli şəxslər daxil edilmişlər. Qarşılıqlı razılaşmaya əsasən, müxtəlif istiqamətlər üzrə aparılan maarifləndirmə işinin vacibliyi, bu zaman təkrarçılığa yol verilməməsi və səmərəliliyin artırılması məsələləri Əlaqələndirmə Şurasına daxil olan nazirlik nümayəndələrinin birbaşa iştirakı ilə müəyyən olunmalıdır. 
Bilik Fondunun Azərbaycanın 76 rayonunda nümayəndələrinin fəaliyyət göstərməsi də layihələrin respublika miqyasında reallaşdırılmasına imkan yaradır. Həmin nümayəndələr fondun rəhbərliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən rayonun ən nüfuzlu insanları arasından seçilərək təyin edilir. Bundan başqa, çoxsaylı tələbələr könüllü kimi fondun layihələrində həvəslə iştirak edərək həm ictimai və dövlət işlərində iştirak vərdişləri qazanır, həm də fondda və ayrı-ayrı regionlarda təşkil edilmiş kurslarda xarici dil biliklərini zənginləşdirərək sertifikatlar əldə edirlər.

Milli yaddaşın bərpasına xidmət edən mühüm layihələr

Bilik Fondu müəyyənləşdirilmiş strateji məqsəd və hədəflərə müvafiq olaraq ölkə daxilində və xaricində çoxsaylı layihələr, tədbirlər, təqdimatlar keçirmişdir. Ölkə daxilində həyata keçirilən layihələri birləşdirən bir əsas məqsəd var - ictimai həyatın vacib sahələri üzrə maarifləndirmə işlərinin genişləndirilməsi. Maarifləndirmə işinin kifayət qədər kreativ, səmərəli, maraqlı layihələr vasitəsilə həyata keçirilməsi onun ictimai rəyə təsir effektini və əldə olunan müsbət nəticələri artırır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdullayevin ideya müəllifliyi ilə həyata keçirilən, əsas məqsədi abidələrdə gizlənən tarixi aşkara çıxarıb ictimaiyyətə çatdırmaqdan ibarət olan “Dini abidələrdə tarixin izləri” layihəsi bu baxımdan xüsusi vurğulana bilər. Konkret olaraq “Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi” layihəsi çərçivəsində aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, bu İmamzadədə Azərbaycanın bir sıra tarixi şəxsiyyətləri, o cümlədən   Ağaməhəmməd    Şah Qacarın nəvəsi Bəhmən Mirzənin məzarları yerləşmişdir. Bu abidə Bilik Fondunun vəsaiti hesabına təmir edilmiş, əldə olunmuş tarixi biliklər KİV vasitəsilə ictimaiyyətə çatdırılmışdır. Bundan əlavə, “Tarixi abidələr” layihəsi çərçivəsində Ağstafada yerləşən qədim rus kilsəsinin tarixi tədqiq edilmiş, ətrafında abadlaşdırma işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf   Konsepsiyası ilə müəyyənləşdirilmiş vəzifələrə uyğun olaraq Bilik Fondu Qafqaz Albaniyasının zəngin maddi-mədəni   irsinin    Azərbaycan xalqına məxsusluğunun ölkə və yerli ictimaiyyətə çatdırılması istiqamətində   sistemli iş aparır. Bu   məqsədlə   fəaliyyət   planı təsdiqlənərək bölgə üzrə abidələrin   siyahısı, habelə tarixi   ilə   bağlı    məlumat    toplusu, həmçinin “Qədim Qafqaz Albaniyasına səhayət - Qəbələ” adlı videodisk hazırlanaraq yayılmışdır.
Ölkə başçısının   20   fevral   2015-ci   il   tarixli   “Kitabi-Dədə Qorqud”   dastanının   alman dilindən ilk tərcüməsi   və   nəşrinin 200   illik yubileyi   haqqında”   sərəncamından    irəli   gələn vəzifələrin icrası məqsədilə AMEA-nın bir sıra elmi-tədqiqat institutlarının, habelə digər ali təhsil müəssisələrinin iştirakı ilə birgə konfranslar keçirilmiş, nüfuzlu alimlərin mühazirələri dinlənilmişdir. 
Fondun ölkədaxili layihələri sırasında “İl boyu bilik proqramı” da müstəsna əhəmiyyətə malikdir. Adından da göründüyü kimi, il boyu davam edən proqram fondun respublikanın bütün regionlarında əhalinin maarifləndirilməsinə, bilik və qabiliyyətlərinin artırılmasına xidmət edir. Proqram “Öyrədərək öyrənirik”, “Azərbaycan bayrağı”, “Yazmağı bacaracaqsan”, “Məscid kitabxanası”, “Dini turizm” və s. mövzularda mühazirələri və praktik tədbirləri əhatə edir. Proqram çərçivəsində bir sıra rayonlarda yeniyetmə və gənclərə yeni peşələrin tədrisi, onlar üçün sürücülük, toxuculuq, evdarlıq və sair kursların açılması təmin edilmişdir.
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində isə əsasən Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən məktəblər və onların məktəbliləri arasında qarşılıqlı əlaqələrin yaradılması, istedadlı gənclərin aşkara çıxarılması, birgə layihələrin həyata keçirilməsi məramı ön plandadır. Bu layihənin miqyasının genişləndirilməsi, ölkə xaricindəki məktəblərlə də əlaqələrin yaradılması istiqamətində işlər konkret nəticələr verir. 2016-cı ildə artıq Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin iştirakı ilə Beynəlxalq Qardaşlaşmış məktəblər layihəsi icra olunmuşdur. 
Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də əhalinin siyasi, iqtisadi, hüquqi, dini və s. istiqamətlərdə maarifləndirilməsi, ölkə qanunvericiliyinin tələblərinin vətəndaşlara anlaşıqlı, sadə şəkildə izah edilməsi, habelə gənclərin həyat və sağlamlığına, dünyagörüşünə zərərli vərdişlərə qarşı təbliğat işinin aparılmasıdır. Bunlara misal olaraq   seçkilər    ərəfəsində    qanunvericiliyin izahı, kiçik və orta biznesin inkişafı naminə həyata keçirilən tədbirlərin iş adamlarına çatdırılması, separatçılıq meyilləri ilə mübarizə çərçivəsində “Dini ekstremizmlə     mübarizə haqqında” qanunun şərhi məqsədilə həyata keçirilən tədbirləri xüsusi qeyd etmək olar. Eyni zamanda, fond yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik əhvali-ruhiyyəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı görüşlər, tədbirlər təşkil edir.
Maarifləndirmə işinin sistemli və fasiləsiz şəkildə davam etdirilməsi, səmərəliliyinin artırılması məqsədilə yaxın zamanlarda nüfuzlu mütəxəssis və alimlərin iştirak etdiyi “Qanunların sadə dildə izahı” layihəsinə start verilməsi nəzərdə tutulur. Ölkə vətəndaşları onları maraqlandıran hüquqi problemlərlə əlaqədar fondun internet saytı vasitəsilə qısa müddətdə yüksək ixtisaslı hüquqşünas alimlərin videogörüntülü cavabını alacaqlar.

Azərbaycan həqiqətləri dünya müstəvisində

Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq, Azərbaycan elmi nailiyyətlərini dünyaya bəyan etmək, daxili və xarici siyasətin konseptual məzmununu dəqiq izah etməkdir. Bu baxımdan fondun Beynəlxalq layihələr sektorunun fəaliyyəti - ölkə xaricində    təşkil    olunan elmi konfranslar, sərgilər, mühazirələr, “dəyirmi masa”lar xüsusi əhəmiyyətə malikdir. 

Fondun “Dünya elmi     Azərbaycanda” layihəsi    çərçivəsində   Almaniya,   İtaliya,    Fransa,   Çexiya, Türkiyə, Cənubi   Koreya,   Rusiya   Federasiyası   və digər   ölkələrdən    dəvət   olunmuş nüfuzlu alimlərin Azərbaycanın müxtəlif ali və orta ümumtəhsil məktəblərində ustad dərslərinin təşkil edilməsi mühüm yeniliklərdən biridir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ölkənin  müxtəlif   regionları ilə xarici ölkə alimlərinin canlı videokonfranslarının təşkili də ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında öz sözünü deyir. 
“Azərbaycan elmi xaricdə” layihəsi çərçivəsində Çexiyada nüfuzlu yerli və xarici alimlərin iştirakı ilə Azərbaycan geologiya elminin son nailiyyətlərini əks etdirən sərgi-konfrans, İtaliyanın Pontifik Salesiana Universitetində “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası” (udilər) mövzusunda keçirilən beynəlxalq konfransda Qafqaz Albaniyası abidələrinin fotosərgisi təşkil edilmişdir. 
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də digər yüksək rütbəli diplomatlar fondun layihələrində yaxından iştirak edirlər. İndiyə qədər fondda İtaliya, Polşa, Çexiya, Türkiyə, Cənubi Koreya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır. 
Beynəlxalq əməkdaşlıq çərçivəsində, həmçinin Türkiyənin Yunus Əmrə İnstitutu, Bolqarıstanın Slavyane Fondu, Almaniyanın Auqsburq Universitetinin Fuggel Fondu, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti ilə ikitərəfli və üçtərəfli sazişlərin imzalanması da xüsusi qeyd olunmalıdır. 
Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə dünyanın 17 ölkəsində və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün Bakı, Quba, Qusar və Xaçmaz şəhərlərində 2015-ci ildə “Yay məktəbi”, 2016-cı ildə isə “Qış məktəbi”nin təşkili də mühüm layihələrdən biri kimi qeyd olunmalıdır. Bu layihənin həyata keçirilməsində əsas məqsəd tanışlıq üçün Azərbaycana gələn əcnəbilərin respublikamızdan Azərbaycan sevgisi, Azərbaycandan məhəbbətlə ayrılmasının təmin edilməsidir.

Multikultural dəyərlərə yüksək sadiqlik nümunəsi

Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi milli-mənəvi irsin, adət-ənənələrin, dəyərlərin, mədəni zənginliyin dünyaya çatdırılması məramı Bilik Fondunun istər ölkə daxilində, istərsə də xaricində reallaşdırdığı çoxsaylı layihələrin ana xəttini təşkil edir. Bu xüsusda ölkəmizdə mövcud olan dini-milli və etnik tolerantlıq mühiti, multikultural dəyərlərə sadiqlik müasir dünyaya azərbaycanlı obrazının tam mahiyyəti üzrə təbliğində mühüm rol oynayır.

Bir neçə gün əvvəl Bakıda “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da respublikamızın multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik təcrübənin müasir dünyada mütərəqqi model kimi qəbul olunduğunu və maraqla qarşılandığını təsdiqləmişdir. Forum miqyasına, aktuallığına, məqsədlərinə və müzakirə olunan məsələlərin aktuallığına görə respublikamız üçün həm də unikal təbliğat platforması kimi yadda qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu nəzərə alan fond ölkəmizin bu sahədəki təcrübəsinin təbliği istiqamətindəki fəaliyyətini bir qədər də genişləndirmişdir. Sərəncam əsasında təsdiqdənmiş tədbirlər planına əsasən, Bilik Fondu qarşısında gənclər arasında intellektual müsabiqənin keçirilməsi, “Mədəni müxtəliflik”, “Konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu”, “Multikulturalizmin Azərbaycan modeli” və “Dünya multikulturalizm modelləri” mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fond həm bu il ərzində, həm də bütün fəaliyyəti dövründə Azərbaycan multikulturalizminin təbliğinə və dünyada tanıdılmasına xidmət edən tədbirləri davam etdirəcəkdir.
Ümumilikdə iki illik fəaliyyətinin yekunlarına nəzərən demək olar ki, Bilik Fondunun ictimai həyatın ən müxtəlif sahələri üzrə fəaliyyəti bir ümumi nöqtədə kəsişir: vətəninə, dövlətinə bağlı, ölkədə sivil yenilikləri, müasir bilikləri, innovasiyaları dərindən mənimsəyən, kreativ düşüncəli yeni nəslin formalaşdırılması prosesinə töhfələr vermək, mütərəqqi milli düşüncənin təbliğində və inkişafında yaxından iştirak etmək, ümumən intellektual-mənəvi yüksəlişə xidmət edən təşəbbüsləri dəstəkləmək. Əminliklə deyirik ki, Bilik Fondu indiyə qədər olduğu kimi, bundan sonra da milli intibaha xidmət edən bu məqsədlərin reallaşdırılmasında, ən başlıcası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara əsaslanan daxili və xarici siyasət kursunun təbliği işində yaxından iştirak edəcək, yeni layihələrlə ölkədə insan kapitalının formalaşdırılması prosesinə öz sanballı töhfələrini verəcəkdir.

Yazı “Azərbaycan” qəzetinin 05.05.2016-cı il tarixli sayında dərc olunub

 

İsaxan VƏLİYEV, 

Azərbaycan Respublikasının

Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri,

hüquq elmləri doktoru, professor

 

 

Tarix: 05.05.2016

Son xəbərlər