Bilikdən birlik doğar - Bilik Fondunun iki illiyinə həsr olunur


Mayın 7-i Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətə başlamasının iki ili tamam olur.

Heydər Əliyev: "Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır. Bilik Fondunun tanınmış ziyalılardan ibarət olan Himayəçilik Şurası Fondun fəaliyyətinə yaxından köməklik göstərir. Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti akademik Akif Əlizadə Fondun fəaliyyəti ilə maraqlanaraq tez-tez öz tövsiyələrini verir. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev vaxtaşırı Fondun əməkdaşları və Əlaqələndirmə Şurasının üzvləri ilə görüşür, mütəmadi treninqlər keçirir. Fondun həyata keçirdiyi bir sıra layihələrin ideya müəllifi olan akademik Kamal Abdullayev həm də icra olunan layihələrin birbaşa iştirakçısıdır.

Fəaliyyət göstərdiyi müddətdə Bilik Fondu Azərbaycanın və xarici ölkələrin bir sıra təşkilat və müəssisələri ilə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalayıb.

Ölkəmizin müxtəlif bölgələrində Bilik Fondunun 76 rayon və şəhər nümayəndəsi əhalinin maarifləndirilməsi işinə cəlb olunub.

Bilik Fondunun 2014-cü ilin sentyabrından start götürən “Qardaşlaşmış məktəblər” layihəsi artıq ölkəmizin bütün bölgələrini əhatə edir. Məqsədimiz məktəblilərin biliklərini, dünyagörüşlərini, Azərbaycan barədə məlumatlarını artırmaq, məktəblilər arasında “bilik körpüsü” yaratmaqdır.

Müxtəlif xalqların nümayəndələrinin oxuduğu qardaşlaşmış məktəblər mütəmadi olaraq qarşılıqlı səfərlər, birgə dəyirmi masalar, disputlar, müsabiqələr, bilik və idman yarışları keçirir, dostluq əlaqələrini genişləndirirlər. Beləliklə, hər bir məktəbli ölkəmizin multikultural mühitinə əyani şahid olur, vətənimizdə yaşayan və Böyük Azərbaycan mədəniyyətinə öz incisini qatan hər bir xalqın folklorunu, mədəniyyətini, yaşam tərzini öyrənmiş olur.

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi layihənin qarşısında geniş üfüqlər açmış oldu. 2016-cı ildən “Qardaşlaşmış məktəblər” layihəsinin formatı genişlənərək

beynəlxalq arenaya çıxdı. Fevralın 13-dən 16-dək “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşdi.

Moskva, Ankara və Bakı məktəbliləri arasında “Qardaşlaşma sazişi” imzalandı. Rusiyalı və Türkiyəli məktəblilər Bakının görməli yerlərində oldular. Qonaqlar xüsusilə Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrıldılar. Şagirdlər arasında isti dostluq və səmimi qardaşlıq münasibətləri yarandı. Növbəti görüşlərin Ankarada və Moskvada baş tutmasını arzulayan xarici ölkə məktəbliləri öz vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar.

Ta qədimdən multikultural ənənələrlə yaşayan Azərbaycan ərazisində bütün dinlərin nişanələri var. Bəzən zamanın amansız axarı tariximizi özündə yaşadan bir çox abidələrin, müqəddəs məkanların ilkin görkəmini itirir, minillikləri geridə qoyan daş kitabələr aşınır. Fondun “Dini abidələrdə tarixin izləri” layihəsi çərçivəsində bu nişanələr hərtərəfli öyrənilir, Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə elmi tədqiqatlar aparılır, nəticədə Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılır, ehtiyac olduqda müəyyən abadlıq işləri görülür.

İlkin olaraq, Bərdə İmamzadəsi Kompleksinin tarixi araşdırılıb, daş kitabələr və qəbirüstü yazılar oxunaraq, tərcümə olunub, İmamzadənin ərazisində abadlaşdırma işləri aparılıb. Bərdə İmamzadəsinə dair iki elmi-praktik konfrans keçirilib, sənədli film çəkilib, elmi və publisistik məqalələr dərc olunub, “Bərdə və Bərdə İmamzadəsi” kitabı hazırlanıb.

Fondun əməkdaşları müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları Bakı, Qəbələ, İsmayıllı, Balakən, Qax və Zaqatala məktəbliləri ilə birgə müsəlman ingiloyların yaşadığı Əliabad kənd məscidinin həyətində böyük iməcilik keçirib, ərazi təmizlənib, yaşıllaşdırılıb. Məsciddə Fondun yaratdığı kitabxanaya 100 adda kitab hədiyyə olunub.

Qazaxda 1897-1905-ci illərdə tikilmiş rus pravoslav kilsəsi müstəqilliyimizin bərpasından sonra abadlaşdırılıb. Hazırda Qazaxda rus pravoslav icmasının olmaması səbəbindən kilsə dini məbəd kimi fəaliyyət göstərmir. Bilik Fondu Bakı Multikulturalizm Mərkəzi ilə birgə Qazaxdakı Rus Pravoslav Kilsəsinin Multikulturalizm Muzeyinə çevrilməsi istiqamətində işlər görür.

Qax rayonu ərazisində yerləşən qədim Kürmük alban məbədi həm xristian, həm də müsəlmanların ziyarət etdikləri inanc yerlərindən biridir. Bilik Fondu bu məbədin ərazisində də araşdırma-tədqiqat işləri aparır, məbədə mütəmadi olaraq alim, tələbə və şagirdlərin, həmçinin xarici qonaqların elmi turları təşkil olunur. Hər il iki dəfə keçirilən Kümrükoba bayramında Fondun əməkdaşları və könüllülərimiz iştirak edirlər.

Növbədə hələ neçə məscidlər, kilsələr, sinaqoqlar, məbədlər var...

"Docendo discimus" - öyrədərək öyrənirik anlamına gələn yunan hikməti – Bilik Fondunun layihələrindən biri. Bu layihə Azərbaycan məktəblisinə, tələbəsinə, bölgə ziyalısına cəmiyyətin seçilən simaları - akademiklər, professorlar, yazıçı və şairlər, diplomatlarla ünsiyyət imkanı qazandırır. Müxtəlif bölgələrdən alınan sosial sifarişlər əsasında 19 ölkədən olan 300-dək mühazirəçinin müxtəlif mövzularda 700-dən çox mühazirəsi təşkil olunub.

Bilik Fondu dövlət dilinin tədrisi və təbliği istiqamətində tədbirlər həyata keçirir. “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq iki ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Bakıdakı Rus Pravoslav kilsəsində Azərbaycan dili tədris olunur. Qəbələ rayonunda udinlərin kompakt yaşadığı Nic qəsəbəsindəki Alban Apostol kilsəsində dövlət dilinin tədrisinə başlanılır. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. Artıq kursu bitirən 40 nəfər dinləyiciyə sertifikatlar təqdim olunub. Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək rusdillilər var.

"Azərbaycan elmi xaricdə" layihəsinin məqsədi elmi uğurlarımızın dünya ölkələrində təbliği və xarici ölkə vətəndaşlarını Azərbaycanın elmi yenilikləri barədə məlumatlandırmaqdır. Bilik Fondunun Praqada keçirdiyi “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi, Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” beynəlxalq elmi konfransı çərçivəsində nümayiş edilən fotosərgi, Türkiyə, Rusiya və Ukraynada təşkil olunmuş mühazirələr xarici alim və tədqiqatçıların marağını Azərbaycana cəlb edir, ölkəmizin dostlarının sayını artırır.

“Dünya elmi Azərbaycanda” layihəsi ilə Bilik Fondu ölkə əhalisini dünya elminin yeniliklərindən xəbərdar edir. Dəvət etdiyimiz xarici ölkə alimləri müxtəlif elm sahələrinə dair mühazirələr oxuyur, yerli ziyalılarla fikir mübadiləsi aparırlar. Onlar özləri də Azərbaycan barədə geniş bilgilər alırlar.

Fondun dəvəti ilə Bakıya gələn Türkiyə, Rusiya Çexiya, ABŞ, Fransa, İtaliya, Portuqaliya, Niderland, Almaniya, Koreya alimlərinin mühazirə və təlimlərini də gənclər xüsusi maraqla qarşılayırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı Bilik Fondunun bu sahədə fəaliyyətinə təkan verdi. Alimlərimiz akademik Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycanı səfərə çıxdılar, oba-oba, oymaq-oymaq ... “Kitabi Dədə Qorqud”un izi ilə Qax, Zaqatala, Xocavənd, Beyləqanda dastanın tarixinə dair konfranslar keçirildi, dastan qəhrəmanlarının, Qorqud deyimlərinin izləri ziyarət edildi.

Bilik Fondu Akademiyanın Mərkəzi Elmi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits - 200” mövzusunda ilk Beynəlxalq Şagird Konfransını keçirdi. İki günlük konfransda Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan gələn məktəblilər, həmçinin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən olan şagirdlər bir-birindən maraqlı çıxışları ilə yadda qaldılar. Bilik Fondu dinindən, dilindən asılı olmayaraq bütün konfrans iştirakçılarını Dədə Qorqud işığında birləşdirdi.

Ölkə Prezidentinin bu Sərəncamda göstərdiyi aydın hədəflərə doğru yolumuz hələ də davam edir.

Fondun həyata keçirdiyi “Qafqaz Albaniyasının intibahı” layihəsi ulu tariximizin səhifələrini vərəqləyir, bu qədim dövlətin qalıqlarının, tədqiq olunmamış yüzlərlə abidənin üzərinə işıq salır. Mütəmadi olaraq, Qafqaz Albaniyası marşrutu üzrə elmi turlar təşkil olunur.

Ali və orta məktəblərdə “Auditoriya+” layihəsi çərçivəsində maraqlı tədbirlər keçirilir, şagirdlər və tələbələr tədris planı üzrə keçdikləri əsərlərin səhnə həlli ilə də tanış olurlar. Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılan “Mizan” dram dərnəyi gənclərin teatr sənətinə olan marağını artırır, yaradıcı qabiliyyətini cilalayır. Bilik Fondu istedadlı gənclərin sərgilərini keçirir, balaca rəssamlara dəstək olur.

Maraqlı layihələrimizdən biri də jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün nəzərdə tutulub - “Yazmağı bacaracaqsan”. Layihəyə əsasən, Bilik Fondu tanınmış jurnalistlərin və müəllimlərin iştirakı ilə abituriyentlər üçün qabiliyyət imtahanına ödənişsiz hazırlıq kursları təşkil edir.

Fondun Könüllülər Birliyi minlərlə gənci bilik işığında birləşdirir. Konüllülərimiz tez-tez maraqlı aksiyalar keçirir, ictimai həyatın nəbzini tutmağa çalışırlar.

Bilik Fondu ömrünün ahıl çağında olanları da unutmur, axı onların diqqətə və sevgiyə daha çox ehtiyacı var. Vaxtaşırı tələbə gənclərlə birgə Bilgəhdəki Müharibə və Əmək veteranları pansionatında olur, onlara bayram sovqatı aparır, azacıq da olsa şənləndirməyə, ovutmağa çalışırıq. Qocalar burada qayğı ilə əhatə olunduqlarını desələr də hər dəfə bizi gözlədiklərini gizlətmirlər. Bilik Fondu onların istəyi ilə Pansionatın kitabxanasına 200 adda kitab hədiyyə edəndə də sakinlər çox sevindilər, çünki oxucunun yaşı yoxdur.

Gənclərin istəyi ilə başladığımız “İmzalı görüş” layihəsi çərçivəsində yazıçılarla maraqlı görüşlər təşkil olunur, tələbə və məktəblilər yazarlarla həmsöhbət olur, onların imzalı kitablarını hədiyyə alırlar.

Bilik Fondunun artıq bütün ölkədə tanınan maarifləndirici layihələri cəmiyyətin diqqət mərkəzindədir. Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün yerlərdə Bilik Evləri fəaliyyətə başlayır. Artıq Qax, Oğuz, Nardaran, İsmayıllı və Astara Bilik Evləri əhalinin üz tutduğu müqəddəs məkana - maarif ocağına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu maarifləndirmə məqsədilə hələ neçə-neçə layihələrə imza atmağı planlaşdırır. Bunların içərisində "Ustad və şəyird", “Məscid kitabxanası”, “Auditoriya+”, “Azərbaycan bayrağı”, “Epizod”, “Ev kitabxanası”, “Müasir cəmiyyət” kimi layihələr də var. Bilik Fondunun kollektivi olaraq dövlətimizin bizə göstərdiyi bu yüksək etimadı doğrultmaq üçün əlimizdən gələni etməyə hazırıq. Məqsədimiz aydın, yolumuz bəlli, hədəflərimiz dəqiqdir! Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun müqəddəs missiyası – maarifçilikdir!

 

Yazı “525-ci qəzet”in 13.05.2016-ci il tarixli sayındadərc olunub.

http://525.az/site/?name=xeber&duzelis=0&news_id=56892

 

Xatirə Hüseynova

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

sektor müdiri, fəlsəfə doktoru

 

 

Tarix: 14.05.2016

Son xəbərlər