Maarifçilik, vətənpərvərlik və insanpərvərlik


Əlifba “A”dan başladığı kimi maarifçilik ədəbiyyatdan və mədəniyyətdən başlayır. Ən güclü siyasi qüvvələrin illərlə həyata keçirə bilmədiklərini bir kino, bir tamaşa, yaxud 2 dəqiqəlik videoçarx bir neçə dəqiqənin, saatın içində eləyə bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas missiyası maarifçilikdir. Geniş ictimaiyyəti, yəni əhalinin bütün təbəqələrini həyatın, elmin, məişətin müxtəlif istiqamətlərində məlumatlandırmaq, maarifləndirmək.

Çoxşaxəli maarifçilik missiyasının bir istiqaməti də təbii ki, mədəniyyətin və ədəbiyyatın dili ilə həyata keçirilir. Fond muzeylərlə, teatr və kino müəssisələri ilə, ayrı-ayrı yazıçı, şair, elm və mədəniyyət adamları ilə işini məhz bu yönümdə qurur. Teatrlarımızın səhnəsində qoyulan Azərbaycan və dünya klassikasını əhalinin içinə, ali və orta məktəblərə, uşaq və qocalar evlərinə, hərbi hissələrə, hətta cəzaçəkmə müəssisələrinə aparır.

Ötən ilin sonlarından ali və orta məktəblərdə aktyorluq dərnəklərinin yaradılmasına başlamışıq. ADPU-də yaratdığımız “Mizan” aktyorluq dərnəyində ADMİU-nin dosenti Məmməd Səfanın quruluşunda M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşası hazırlanır. Gələcəyin müəllimləri tədris edəcəkləri klassik ədəbiyyatımızın bu nümunəsini əyani surətdə səhnədə göstərəcəklər. Bu həm o tamaşada rol alan tələbələr, həm də tamaşaya baxacaq tələbə və yeniyetmələr üçün yaddaqalan əyani vəsaitdir.

ADMİU-nin son kurs tələbələrinin diplom tamaşası olan, C. Məmmədquluzadənin ölməz “Ölülər” əsərinin tamaşasının bir neçə ali və orta məktəbdə oynanılmasına nail olmuşuq. Tədbirlərdə universitetin rektoru Fərəh Əliyeva da iştirak edib. Tamaşa Bilik Fondunun həyata keçirdiyi “Auditoriya +” layihəsi çərçivəsində ADPU-nun tələbələri üçün oynanılıb.

Əsası 1873-cü ildə qoyulan Azərbaycan Milli Teatrının 143 illiyinə təsadüf edən tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı Bakı Slavyan Universitetinin Filologiya və Jurnalistika fakültəsinin tələbələri, Məktəb Lisey Kompleksinin yuxarı sinif şagirdləri qarşısında oynayıblar və gənclər öz həmyaşıdlarının ifasında klassikanı böyük maraqla qarşılayıblar.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov, Mədəniyyət və İncəsənət Universitetinin Elmi-tədqiqat şöbəsinin müdiri Nigar Sultanlı, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin direktoru İlahə Carçıyeva, məktəblilər və tələbələr iştirak ediblər. Sonda Fondun “Auditoriya+” layihəsində fəal iştirak etdiklərinə görə tələbə-aktyorlara təşəkkürnamələr təqdim olunub.

Bilik Fondu “Auditoriya+” layihəsi çərçivəsində paytaxtla yanaşı, bölgə gənclərini də klassiklərin əsərlərinin səhnə həlli ilə tanış etməyi planlaşdırır.

Vətənpərvərlik və xeyriyyəçilik, yəni vətənə sevgi, ahıllara və uşaqlara, əhalinin aztəminatlı zümrəsinə qayğı əslində maarifçiliyin tərkib hissəsidir. İnsanlar bu yönümdə də maarifləndirilməlidir ki, gələcək bu gündən yaxşı bünövrə üzərində bərqərar olsun.

Bilik Fondu tarixi faktları əcnəbi tələbələrə mədəniyyətin dili ilə çatdırır 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş birgə tədbir keçirib.

Tədbirdə Bakıda təhsil alan Türkiyə, Türkmənistan, Rusiya, Özbəkistan, Peru, İndoneziya, İraq, Myanma, Çin tələbələri, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix Muzeyinin əməkdaşları iştirak ediblər.

Əcnəbi tələbələrə 20 Yanvar hadisələri ilə bağlı çəkilmiş sənədli film ingilis dilində nümayiş olundu.Yaxın keçmişimizdə baş verən bu qanlı hadisə kinonun dili ilə tədbirdə iştirak edən xarici tələbələrə çatdırıldı.

Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax və Oğuz Bilik Evlərində, həmçinin Şamaxı, Beyləqan, Ağstafa və digər rayonlarda məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində Qanlı Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri faciənin 26-cı ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu şanlı səhifəsini əks etdirən guşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Fondun rəsmi elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən çox xarici təşkilat və şəxsə 20 Yanvar faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin məlumatlar göndərilib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Mərasimdə Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi, Qafqaz Universiteti,  Dillər Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində təhsil alan xarici ölkələrdən olan 80-dək tələbə iştirak edib.

Xocalı faciəsini əks etdirən sənədli filmin nümayişi, xüsusilə Pakistan, Əfqanıstan, Zimbabve, Çexiya, Fələstin, Polşa, İtaliya, Portuqaliya, Rusiya, Türkmənistan və Yəməndən olan tələbələri təsirləndirib.

Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqili Dram Teatrının ifasında Xocalı həqiqətlərindən bəhs edən “Ağ qayıq” tamaşası göstərilib. Elnurə Abdullayevanın pyesi əsasında Samir Qulamovun quruluş verdiyi tamaşaya Fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Bakı şəhər 275, 245, 45, 18 nömrəli tam orta məktəblərin şagirdləri, BSU və BDU-nun tələbələrindən ibarət könüllülər baxıblar.

Fondun təşkilatçılığı ilə Avrasiya Universitetində keçirilən anım tədbirində də soyqırım qurbanları yad edilib, Xocalı faciəsinin, ümumilikdə xalqımıza qarşı törədilən vəhşiliklərin tarixi kökləri ilə bağlı faktlar səsləndirilib.

Bilik Fondu Gənc Tamaşaçılar Teatrında da Xocalı şəhidlərinin xatirəsini yad edib. Tədbirdə Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası təqdim olunub.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Bilik Fondunun rəsmi elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən çox xarici təşkilat və şəxsə Xocalı faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin məlumatlar göndərilib. 

Ahıllar və Uşaq evləri ilə görülən işlər 

Fond yarandığı gündən əhalinin müxtəlif zümrələri arasında yalnız maarifləndirmə işləri aparmaqla kifayətlənmir, həm də xeyriyyə tədbirləri həyata keçirir.

Ahılları unutmuruq, Bilik Fondu hər bayram yolunu Bilgəhdəki Əmək və Müharibə Veteranları pansionatından salır.

“Fikir şənbəsi” klubunun tədbirlərindən birini Müəllimlər günü ərəfəsində bu pansionatda keçirmişik, Novruz bayramı ərəfəsində ahılları ziyarət etmişik. Pansionatın kitabxanasına da 250-dən artıq kitab hədiyyə etmişik.

Eyni diqqəti Bilik Fondu Uşaq evlərinə, həmçinin SOS Uşaq kəndinə də göstərir. Mütəmadi olaraq onların görüşünə teatr tamaşaları, yeni kitablarla gedirik. Hər ay SOS-da böyüyüb tərbiyə alan uşaqların ad günlərini təbrik edir, onlara müxtəlif hədiyyələr aparırıq.

Muzeylərə və tarixi yerlərə ekskursiyalarımız davamlıdır 

Bilik Fondu və AMEA-nın birgə təşkilatçılığı ilə Sabunçu rayonundakı Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi Akademiyanın qonağı olub.

Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi bölmələri və institutlarının keçirdiyi sərgidə iştirak ediblər. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında oynadığı rol barədə geniş bilgilər verilib.

Sərgi şagirdlərin böyük marağına səbəb olub, onlar alimlərlə ünsiyyət yaradıb, suallarına cavablar alıb.  Mərkəzi Elmi Kitabxanada tanınmış alimlərin kitablarlı ilə tanış olublar.

Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli tam orta məktəblərin 9-cu sinif şagirdlərini öz istəklərinə görə “Azər-ilmə” xalçaçılıq şirkətinə və Hərb Tarixi Muzeyinə apardıq. Xalçanın toxunması prosesini öz gözləri ilə görən şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı müxtəlif suallar veriblər.

Bilik Fondu vaxtaşırı tələbələrin və məktəblilərin Hərb Tarixi Muzeyinə ekskursiyalarını təşkil edir. Bu tədbirlər həm yeniyetmə və tələbələrin hərb tariximizi əyani surətdə öyrənməsinə şərait yaradır, həm də onlarda vətənpərvərlik duyğularını cilalandırır.

Məktəblər Bilik Fondunun xətti ilə Hərb Tarixi Muzeyində, Xalça, Teatr, İncəsənət, Azərbaycan Tarixi muzeylərində, Atəşgah məbədində, Muğam Mərkəzində, Quba soyqırımı Memorial Kompleksində, Kümrük məbədində və digər tarixi yerlərdə ekskursiyalarda olublar. 

Gənclər günündə kitab aksiyası keçirdik

“Oxuyaq - oxudaq” adlı aksiyada gənclərə yaşıdları olan yazarların kitabları hədiyyə edilib.

Aksiya tikinti materialları satılan “Dərnəgül” bazarından başlayıb. Satıcı gənclər kitablara böyük maraq göstəriblər. Eyni mənzərə yeməkxanalarda və yanacaqdoldurma məntəqələrində də yaşanıb. Kitabları alan gənclər hədiyyədən məmnun qaldıqlarını bildirib, bu kitabların ev kitabxanalarını bəzəyəcəyini deyiblər.

Bilik Fondu “Vətən dərsi” deyir

Bilik Fondu, Şuşa Musiqili Dram Teatrı və Şuşa Rayon İcra Hakimiyyətinin “Vətən dərsi” adlı layihəsinə start verilib. Layihənin məqsədi məktəblilərdə və gənclərdə vətənpərvərlik ruhunun aşılanmasıdır.

Layihə çərçivəsində müxtəlif təşkilatlarda, ali və orta ixtisas məktəblərində Şuşa Teatrının bir dərs saatı həcmində hazırladığı “Aprelin dörd günü” adlı ədəbi-bədii kompozisiya nümayiş edilib.

Gənclərə vətənpərvərlik ruhu aşılanmalıdır

Bilik Fondu və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə II Fəxri Xiyabanda şəhid pilotların anım mərasimi keçirilib.

Mərasimdə Fondun aparat rəhbəri İsaxan Vəliyev, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Milli Aviasiya Akademiyasının, Müdafiə Nazirliyinin müvafiq strukturlarının nümayəndələri, kursantlar, tələbələr və Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər. Tədbir iştirakçıları II Fəxri Xiyabanda şəhid zabitlərimiz Təbriz Mustafazadə, Urfan Vəlizadə və Bəkir İsmayılovun məzarlarına çiçək dəstələri düzüblər.

Pilotlar 2-4 aprel tarixlərində erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq düşmən hücumunu dəf edərkən şəhid olublar.

Sadalanan bütün bu işlər yalnız paytaxtda həyata keçirilmir. Hər bir addım Fondun 76 rayon və şəhərdə fəaliyyət göstərən yerli nümayəndələri və bölgələrdəki Bilik Evləri tərəfindən davam etdirilir.

Yazı “525-ci qəzet”in 28.05.16 tarixli sayında dərc olunub.

Ramilə Qurbanli

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi

 http://525.az/site/?name=xeber&news_id=57832

Tarix: 30.05.2016

Son xəbərlər