Puşkin adına Dövlət Rus Dili İnstitutunun əməkdaşları Bilik Fondunda olublar


Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna, əlavə təhsil fakültəsinin dekanı Pavliçeva Yelena Nikolayevna, Ümumi və rus dilçiliyi kafedrasının professoru Bojenkova Natalya Aleksandrovna, rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının müdiri, professor Elxan Heydər oğlu Əzimov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, icraçı direktor Oktay Səmədov qonaqları salamlayaraq, onlara Fondun strukturu, həyata keçirdiyi maarifləndirici layihələr haqqında ətraflı məlumat verib. Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif bölgələrində yaradılmış Bilik evlərində digər təlimlərlə yanaşı, rus dili üzrə kursların fəaliyyət göstərdiyini vurğulayan O.Səmədov A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.

İnstitutun prorektoru M.Yaskeviç səmimi qəbula və qarşılıqlı etimad doğuran mühitə görə təşəkkürünü bildirib. Fondun maraqlı və diqqətçəkən layihələr həyata keçirdiyini deyən prorektor bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.
Çıxış edənlər "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin Bilik Fondunda açılmasının birgə fəaliyyət üçün geniş imkanlar yaradacağını diqqətə çatdırıblar. Sonra qarşıda duran planlar, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlar tədbirdə iştirak edən Rus dili müəllimlərinin suallarını da cavablandırıblar.

Tarix: 20.12.2016

Son xəbərlər