IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətini Qaxda davam etdirib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib. 

Qış məktəbinin iştirakçıları səhər saatlarında Qax rayonundakı Kürmük məbədi ilə tanış olublar. Tələbələrə məbədin tarixi ilə bağlı bilgi verilib: “Albaniya dövrünə aid olan və hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi ölkə əhəmiyyətli tarixi abidədir. Kürmük məbədi 1892-ci ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilib. Yerli əhali tərəfindən ziyarətgah kimi qəbul edilən və bir neçə il öncə təmir olunmuş kilsəyə ildə iki dəfə – may və noyabr aylarında mərasim keçirmək üçün insanlar toplaşır. Mərasimə gələnlərin əksəriyyətini yerli, müsəlman azərbaycanlılar təşkil edir. Qax rayonundakı təpələrdən birində yerləşən məbəd erkən orta əsr alban məbədlərindən biridir və öz adını eyniadlı çaydan götürüb. Qədim dövrlərdən bugünə qədər insanlar Kürmük dağında qeyri-adiliyi ilə seçilən böyük qara daşı ziyarət edirlər”. Kürmük məbədi Azərbaycan multikulturalizm modelini öyrənən tələbələrin dərin marağına səbəb olub. 

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayondakı Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını müxtəlif dini və etnik qrupların həmrəylik və qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirib. İcra hakimiyyətinin başçısı öncə tələbələrə Heydər Əliyev Mərkəzinin yaranması və fəaliyyəti ilə bağlı məlumat verib: “Qaxdakı Heydər Əliyev Mərkəzinin açılış mərasimi cənab Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə gerçəkləşib. Mərkəzdə Ulu Öndər Heydər Əliyevin irsinin tədrisi ilə bağlı mütəmadi tarix dərsləri, eləcə də rayonda keçirilən dövlət səviyyəli rəsmi tədbirlər, xaricdən gələn qonaqların qarşılanması mərasimləri təşkil olunur”. 

Musa Şəkiliyev tələbələrə rayonun etnik tərkibi haqqında söz açıb: “Biz çox şadıq ki, IV Beynəlxalq multikulturalizm məktəbinin proqramına fərqli dinin nümayəndələrinin və müxtəlif etnik qrupların əsrlərdir dostcasına, qardaşcasına yanaşı yaşadığı Qax rayonu ilə tanışlıq da daxil edilib. Qax rayonunda yaşayan əhali tərkibinin 83 faizini azərbaycanlılar, 14 faizini gürcülər, 2 faizini saxurlar və 1 faizi digər azsaylı xalqların nümayəndələri təşkil edir. Qax tarixi və mədəniyyət baxımından Azərbaycanın multikultural bölgələrindəndir. Müsəlman əhalinin say baxımından üstünlük təşkil etdiyi rayonda xristianlıq və digər dinlərə etiqad edənlərin həmrəy şəkildə yaşaması bir daha Azərbaycandakı islam həmrəyliyinin həm də digər dinlərə olan sayğı, ehtiram əsasında formalaşdığını önə çəkir. Ümidvaram ki, beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları rayonumuzdan zəngin təəssüratlarla, xoş xatirələrlə ayrılacaqlar”. 

Qaxdakı Heydər Əliyev Mərkəzində tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə “Qafqaz Albaniyasının tarixi və irsi” mövzusunda mühazirə oxuyub. Yerli Qax gənclərinin də qatıldığı mühazirədə alim vurğulayıb ki, çoxsaylı yunan-Roma yazılı tarixi mənbələrində -Strabon, Ptolomey, Elian və Böyük Plininin əsərlərində öz əksini tapdığına görə, Qafqaz Albaniyası eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edən ölkəmizdəki ilk dövlət quruluşudur: “Burada qədim dövrlərdə maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlifdilli tayfalar yaşayıb. Bunlar içərisində saklar, qarqarlar, quzlar, suranlar, şirvanlar kanqarlar, hunlar, şamaklar, muğlar, türklər və digər türkdilli tayfalar üstünlük təşkil ediblər”. 

Ceyhun Eminli Qafqaz Albaniyası dövrünə aid şəxsən özünün iştirakı və rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar haqqında bilgiləri və foto- slaydı qış məktəbi iştirakçılarının diqqətinə çatdırıb. 

Arxeoloq alim mühazirədə Qafqaz Albaniyasının dini tərkibi, burada xristianlıq dininin yayılması, qədimdən mövcud olan tapınaqların üzərində müxtəlif xristian abidələrinin- kilsə, monastır və məbədlərin inşası ilə bağlı məlumat verib. Mühazirəçi Qafqaz Albaniyası dövründə sözügedən dövlətin dünya ticarət ələqələrindəki iştirakı və rolu, antik dünyanın Qafqaz Albaniyasına təsiri, buradakı dəfn adətləri, inşaat texnikası, pul dövriyyəsi sistemi və sair haqqında söz açıb: “Sadalanan faktlar sübut edir ki, Qafqaz Albaniyasında sənətkarlığın müxtəlif sahələri yüksək inkişaf edib və bütün bunlar vahid Albaniya mədəniyyətinin formalaşmasına təsir göstərib”. 

Sonda alim tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb. 
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Qaxa ekskursiyası təşkil edilib. Tələbələr Sumux qalasında, Səngər Qalada, şəhər məscidində, Qax rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti

Tarix: 15.02.2017

Son xəbərlər