IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Qəbələdə


Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 16-da  öz işinə Qəbələdə davam edib.

 

“Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”

Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Gülnar Hüseynzadə “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.

Professor Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir: “Ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən ilk növbədə cənab Prezidentin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir.

Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb.

Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır”. 

Mühzirədə vurğulanıb ki, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin mühüm istiqaməti kimi ölkənin xarici siyasət fəaliyyətinə də müsbət təsir edir: “Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu, özünü ilk növbədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət əks təsir göstərir. Bu siyasətin daha da davamlı olmasına şərait yaradır”. 

Qış məktəbinin iştirakçıları Nicdə

IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Yerli əhali ilə görüşən tələbələr udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Gəzinti zamanı Nic qəsəbəsinin, burdakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb: “Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. 2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən –udilər də var idi.  İndi Nic qəsəbəsində “Ürayin” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur”.

Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər.

Alban-Udi Xristian dini icmasının sədr müavini, keşiş Rafik Danakari  tələbələrlə görüş zamanı udi xalqının və Alban kilsəsinin tarixindən söz açıblar: “Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan qəsəbəmizdə 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var”.

Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar,  həmişə dövlətin  diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığını təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması alqışalayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər. Bütün bunlar Azərbaycanda bütün dünyaya örnək olası tolerantlıq ənənlərinin və multikultural əhvalın olduğunun bariz təcəssümüdür”.

Qış məktəbinin iştirakçıları həmçinin Bilik Fondunun Nic qəsəbə nümayəndəsi Şahid İslamovun müşayiəti ilə sözügedən Fond tərəfindən udilər üçün təşkil olunan Azərbaycan dili kursunun dinləyiciləri ilə görüşüblər.

“Cəngi” Udi Folklor Ansamblının təqdim etdiyi konsert proqramı qış məktəbi iştirakçılarında xoş təəssürat yaradıb.

Azərbaycan multikulturalizmi Tufandağ zirvəsində

Gəzintidən sonra qış məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində  kanat gəzintisi təşkil edilib.  IV Beynəlxalq multikulturalizm məktəbinin tələbələri qəbələli gənclərlə birgə Tufandağda istirahət ediblər, səmimi söhbət aparıblar.

Litva, Polşa, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan və Misirdən olan tələbələr “Öz xalqını təqdim et” adlı musiqili video təqdimatla çıxış ediblər. 

Tarix: 16.02.2017

Son xəbərlər