İordaniya Kings Akademiyasının direktoru Bilik Fondunda oldu


Azərbaycana səfər edən İordaniya Kings Akademiyasının (Kral Akademiyası) direktoru xanım Rim Masiri və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin  konsulu Saad Hasal aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda qonaq olublar. Qonaqlar  Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.  

İcraçı direktor Fondun fəaliyyəti və Ərəb dili kurslarının hansı zərurətdən yaranması barədə qonaqlara geniş məlumat verərək bildirib ki, kursun dili daha yaxşı mənimsəyən dinləyiciləri Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı xidmət göstərəcək Könüllülər Proqramında iştirak edəcəklər.

Oktay Səmədov 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunnmasını xatırladaraq, Fondun "Səfir saatı" klubunun fəaliyyətindən danışıb, islam ölkələrinin Azərbaycandakı səfirlərinin kluba üzv olduqlarını deyib.

İcraçı direktor onu da xüsus olaraq vurğulayıb ki, Kral Akademiyasının qazandığı təcrübənin ölkəmizdə öyrənilməsi, yayılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin  konsulu Saad Hasal bu görüşə görə, Fondun rəhbərliyinə minnətdarlığını bildirib.

İordaniya Kings Akademiyasının direktoru xanım Rim Masiri Bilik Fondunda olmaqdan məmnunluğunu dilə gətirərək, rəhbərlik etdiyi təhsil ocağı ilə Fondun fəaliyyətindəki oxşar cəhətlərə diqqət çəkib.

Rim Masiri bildirib ki, Bilik Fondu ilə əməkdaşlıq etməyə hazırdırlar və bu istiqamətdə tədbirlər planının hazırlanmasına ehtiyac var.  İordaniya Kings Akademiyası direktorunun sözlərinə görə, birgə maarifləndirmə layihələri hər iki ölkənin bir-biri ilə elmi sahədə daha sıx əlaqələr qurmasına böyük təkan olar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

  

Tarix: 05.04.2017

Son xəbərlər