Hindistan səfiri Bilik Fondunda oldu


Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
 
Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. İcraçı direktor iki ölkə arasında əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə təkan verəcəyini vurğulayıb və beynəlxalq layihələrdə Hindistan səfirliyi ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, “Dünya elmi Azərbaycanda” və “Azərbaycan elmi dünyada” layihələri çərçivəsində Fondun təşkilatçılığı və dəstəyi ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır. Azərbaycan və Hindistan alimlərinin iştirakı ilə elmi biliklərin müxtəlif sahələri üzrə belə mühazirələrin təşkili hər iki ölkə gənclərinin inkişafına mühüm töhfə verə bilər. O.Səmədov səfiri Fondun “Səfir saatı” Klubunda gənc diplomatlarla görüşə dəvət edib.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Sanjay Rana xalqlarımız arasında qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətlərinin olduğunu bildirərək Bakı ətrafında yerləşən "Atəşgah” od məbədinin bu tarixi dostluq münasibətlərinə yaxşı bir misal olduğunu diqqətə çatdırıb. Fondun maarifçilik yönündə fəaliyyətini təqdir etdiyini deyən səfirin sözlərinə görə, Azərbaycan elmi, tarixi və mədəniyyətinin Hindistanda təbliği, Hindistanın Azərbaycanda hərtərəfli tanıdılması ölkələr arasında mövcud əməkdaşlığı xalqlar arasında da isti münasibətlərə çevirəcək. Fondun “Səfir saatı” Klubunun dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirən səfir bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb.
 
Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub və xatirə fotoşəkli çəkilib.
 
Bilik Fondu ölkə əhalisinin dünya elminin əldə etdiyi nailiyyətlərlə tanış edilməsi, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir. Bu məqsədlə Bilik Fondunda xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, xarici ölkə nümayəndəliklərinin rəhbərləri ilə mütəmadi işgüzar görüşlər keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

Tarix: 29.08.2017

Son xəbərlər