Layihələrin icrası ərəfəsində


Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Bakı Slavyan Universitetində artıq altıncı ildir ki, “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən ənənəvi Beynəlxalq konfrans ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Konfransa hazırlıq işləri ilə bağlı aprelin 3-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, habelə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə müşavirə keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iclası açaraq konfransa hazırlıq mərhələsində Təşkilat komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlanıb. BSU-nun rektoru prof. Asif Hacıyev konfransa hazırlıqla bağlı məlumat verib, nəzərdə tutulmuş işlərin qısa müddətdə həyata keçiriləcəyini bildirib. 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov konfransa hazırlıq çərçivəsində görülən işlərdən danışaraq, bir sıra təkliflər irəli sürüb.
İclasda Heydər Əliyev irsinin tədqiqi və Azərbaycançılıq ideyasının təbliğinə, ölkəmizdə multikultural cəmiyyətin xüsusuiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemləri ilə bağlı bölmələrin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, konfrans materiallarının çapı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Bundan başqa müşavirədə Qax, Beyləqan, Tərtər və digər ərazilərdə keçiriləcək tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, xarici qonaqların Azərbaycanın tarixi yerləri ilə tanışlığının nəzərdə tutulduğu vurğulanıb.
Müşavirə çərçivəsində akademik Kamal Abdullayev Multikulturalizm fənninin həm Azərbaycanda, həm də dünyanın altı tanınmış ali təhsil müəssisəsində tədrisindən danışıb, fənnin tədrisi ilə bağlı treninqi məqbul səviyyədə başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Tarix: 04.04.2015

Son xəbərlər