Azərbaycanın Bilik Fondu ilə Gürcüstanın Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsi, elmi biliklərinin artırılması, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin izahı, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dünya elminin əldə etdiyi nailiyyətlərin ölkəmizdə nümayişi və Azərbaycan elminin dünyaya tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsində həm ölkənin müəssisə və təşkilatları, həm də xarici ölkələrin müvafiq elm və mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi dövrdə Bilik Fondu bir çox xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr imzalayıb, birgə layihələr çərçivəsində müxtəlif tədbirlər həyata keçirib.

Əməkdaşlığa dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik (“Tsodna”) Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.

Əməkdaşlıq sazişində hər iki ölkə əhalisinin müxtəlif sosial təbəqələri arasında maarifçilik fəaliyyətinin həyata keçirilməsi, hər iki xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı biliklərin zənginləşdirilməsi, elmi biliklərin müxtəlif sahələri, tarix və ədəbiyyat, mədəniyyət və incəsənət üzrə birgə elmi-praktik konfransların, tematik seminarlar və dəyirmi masaların, disput və diskussiyaların, sərgi, müsabiqə və viktorinaların təşkili və keçirilməsi, kitablar, məlumat ədəbiyyatı nümunələri və digər maarifləndirici materialların hazırlanması, nəşri və əhali arasında yayılması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan Bilik Cəmiyyətinin sədri, görkəmli gürcü şairi və yazıçısı, publisist və ictimai xadim, əməkdar jurnalist, professor Nuqzar Tsereteli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Azərbaycandakı Bilik Fondunun həyata keçirdiyi layihələrin Gürcüstanda maraqla qarşılandığını bildirib və eyni adlı Cəmiyyətlə Fond arasında əməkdaşlıq təşəbbüsünün ölkəsinin həm gürcü, həm də azərbaycanlı ziyalılarının istəyinə uyğun olduğunu qeyd edib. Bildirilib ki, Gürcüstanın “Bilik Cəmiyyəti”  Beynəlxalq Elmi-Mədəni-Maarifçilik İttifaqının əsası hələ XIX əsrdə görkəmli yazıçı İlya Çavçavadze tərəfindən qoyulub, hazırda isə Cəmiyyətin nəzdində İ.Çavçavadze adına Tbilisi Universiteti, “Tbilisi” Terapevtik İnstitutu, Jurnalistika və Humanitar Elmlər İnstitutu (Çiatura), Tbilisi, Batumi, Duşeti, Tianeti, Axalkalaki və Martvilidə kollec və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Cəmiyyət “Sitkva” (“Söz”) adlı mətbu orqanına malikdir və 1991-ci ildən “Bilik” Beynəlxalq Assosiasiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış və bir sıra beynəlxalq layihələrə imza atmış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi maarifləndirici tədbirlər, bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin iş prinsipi barədə məlumatlandırıb, hər iki ölkədə insan potensialının formalaşması və zənginləşməsində Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən və bu gün sıx əməkdaşlıqda marağı olan Cəmiyyət və Fondun üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O.Səmədov Bilik Fondunun lektoriyalarında gürcüstanlı alim və tədqiqatçıların elmi mühazirələrlə çıxış etdiklərini, Tbilisi şəhər 64 nömrəli orta məktəbin Fondun “Qardaşlaşmış məktəblər” layihəsində fəal iştirakçı olduğunu xatırladaraq, Bilik Fondunun hər iki ölkənin elm, təhsil və mədəniyyət mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində vasitəçiliyə hazır olduğunu bildirib.

Tədbirdə iştirak edən İ.Çavçavadze adına Bilik Cəmiyyəti İdarə Heyətinin üzvləri – Tbilisi Dövlət Universitetinin professorları David Qotseridze, Nano Tsereteli, Georgi Şalamberidze və digər ziyalılar əməkdaşlıq sazişinin icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Bilik Fondunun hədiyyələri – Şota Rustavelinin Azərbaycan dilində nəşr edilmiş “Pələng dərisi geymiş pəhləvan” əsəri və ingilis dilində işıq üzü görmüş “Qarabağ” kitabı, Fondun nəşrləri və bukletləri Bilik Cəmiyyətinə təqdim edilib.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub, muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və həmkarları ilə, eləcə də muzeyin tədbirlərində fəal iştirak edən Tbilisi Dövlət Universitetinin professorları - ədəbiyyatşünas Tamara Şarabidze və Azərbaycan-Gürcüstan Dostluq Assosiasiyasının təmsilçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Rusudan Kvançaxidze ilə görüşüb, Azərbaycan elminin və mədəniyyətinin təbliğində birgə fəaliyyətin, müştərək tədbirlərin forma və məzmununa dair təkliflər irəli sürüb. Görüşdə muzeyin Bilik Fondu tərəfindən klassik və müasir Azərbaycan yazıçıları və şairlərinin, uşaq yazarlarının əsərləri ilə zənginləşdirilməsi, M.F.Axundovun əsərlərinin tərcümə edilərək gürcü dilində nəşr edilməsi, ədəbi müsabiqələrin və kitab təqdimatlarının keçirilməsi, muzeydə həm paytaxtda yaşayan azərbaycanlılar üçün ədəbi dil, həm də gürcülər üçün danışıq dili üzrə “Azərbaycan dili” təlim kursunun təşkili məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Tədbirlərdə iştirak edən Gürcüstan ziyalıları O.Səmədovun 2017-ci ilin ölkədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planının icrası istiqamətində Fondun fəaliyyəti barədə məlumatları, hər iki ölkə ziyalılarının ictimai-siaysi, sosial-iqtisadi və elmi-mədəni mövzularda mühazirələrə, Gücüstanda yaşayan azərbaycanlı gənclərin Bilik Fondunun layihələrinə daha fəal şəkildə cəlb olunmaları ilə bağlı təklifləri böyük maraqla qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında 

Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 30.10.2017

Son xəbərlər