“Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi"


Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin ətraflı şəkildə əhaliyə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Sonra məruzə ilə çıxış etmək üçün söz Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru, millət vəkili Tahir Mirkişiliyə verilib.

T.Mirkişili beynəlxalq yükdaşımaların marşrutu barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən 1 milyard dollardan çox gəlir əldə edəcəyini bildirib.

Azərbaycanın iştirakçısı olduğu digər beynəlxalq layihənin bu yaxınlarda işə düşəcəyini diqqətə çatdıran millət vəkili Şimal-Cənub beynəlxalq dəmir yolunun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası nəticəsində ölkənin əlavə böyük iqtisadi fayda götürəcəyini vurğulayıb.
Tədbirin sonunda məruzə ilə bağlı auditoriyanı maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 03.11.2017

Son xəbərlər