İndoneziya səfiri Bilik Fondunun qonağı oldu


İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.

İcraçı direktor rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, xüsusən Fondun xarici əlaqələrindən söz açıb.

O.Səmədov “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlərdən söz açaraq, bildirib ki, xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri, görüşləri maraqla qarşılanır, elmin inteqrasiyası baxımından effektli nəticələr verir.

Fondun nəzdində fəaliyyət göstərən klubların yaranma zərurətini diqqətə çatdıran icraçı direktor "Diplomatlar" Klubunda qonaq olan diplomatların yerli gənclərlə müxtəlif məzmunlu görüşlərdən məmnun qaldıqlarını diqqətə çatdıraraq, cənab səfir H. Husnan Bey Fananini klubla yaxından əməkdaşlığa dəvət edib. Görüşdə Bilik Fondunun ilkin əməkdaşlıq təklifləri də səsləndirilib. Təkliflərdə səfirin yerli gənclərlə görüşləri, Bilik evləri ilə tanışlıq, səfirlikdə Azərbaycan guşəsinin yaradılması, İndoneziya-Azərbaycan günlərinin keçirilməsi, bölgələrdə mühazirələrin təşkili əksini tapıb.

İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Bilik Fondunda sevgi və hörmətlə qarşılandığına görə minnətdarlığını bildirib. Azərbaycanı ikinci vətəni adlandıran səfir, ölkəmizin İndoneziyanın böyük qardaşı olduğunu deyib. H.Fananı fikirlərini onunla əsaslandırıb ki, İsalm dini məhz Azərbaycandan sonra İndoneziyada təşəkkül tapmağa başlayıb və bu dinin yayılmasında əməyi olan şəxs qafqazlıdır.

H.Fanani səfirliyin Bilik Fondu ilə birgə layihələr həyata keçirməyə hazır olduğunu deyərək, intensiv əməkdaşlığın onun xarakterinə və ruhuna tam uyğun gəldiyini söyləyib. Səfir bildirib ki, Bilik Fondunun təcrübəsini təmsil etdiyi ölkədə təqdim etməyə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 08.11.2017

Son xəbərlər