Bilik Fondu Xəzər Universitetinin Dünya Məktəbində - “Ksenofobiya və tolerantlıq” mövzusunda mühazirə


Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Universitetinin Dünya Məktəbində “Ksenofobiya və tolerantlıq” mövzusunda görüş keçirilib.

Dünya Məktəbinin direktoru Mərufə Mədətli təhsil ocağının ingilis bölməsinin şagirdlərinin dinləyici qismində iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib və görüşün mahiyyəti barədə məlumat verib.

Bilik Fondunun dəvəti ilə tədbirdə iştirak edən İndoneziya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fananie çıxışında Azərbaycandakı tolerant mühitdən söz açaraq, multikultural həyat tərzinə malik olan xalqımızın dəyərlərinə heyranlığından danışıb. Səfir Azərbaycan gəncliyi ilə İndoneziya gəncliyi arasında müqayisəli təhlilər apararaq, hər iki ölkənin yeni nəslinin təmsilçilərinin xüsusən maariflənməyə böyük meyl göstərdiklərini, bilik və savadı əsas prioritet seçdiklərini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Ksenofobiya və tolerantlıq” mövzusunda söylədiyi mühazirədə dövlət-din münasibəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Məruzəçi dini və milli ayrı-seçkiliyə rəvac verən ölkələrdə yaşanan savaşların qarşısının yalnız tolerant düşüncə ilə alınmasının mümkünlüyünə diqqət çəkib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təmsil etdiyi qurumla Bilik Fondunun birgə həyata keçirdiyi layihələrdən söz açıb. A.Əliyeva görüşün formatı, məkanı və qonaqların bu tərkibdə seçilməsinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib, İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bey Fananie dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

Bilik Fondunun İcraçı direktoru Oktay Səmədov Fondun gənclərlə bağlı keçiridyi maarifləndirici layihələrindən bəhs edərək, onların vətənə, xalqa, dövlətə layiq vətəndaş kimi formalaşmasının vacibliyini önə çəkib. İcraçı direktor Bilik Fondunun Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkələrin səfirlikləri ilə yaxından əməkdaşlıq etdiyini deyərək, qarşılıqlı əlaqələrin genişlənməsi məqsədi ilə icra hakmiyyətlərini də bu əməkdaşlığa cəlb etməyin üstünlüklərini vurğulayıb.

Diskusiya formatında keçirilən tədbirdə dinləyicilərin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 22.11.2017

Son xəbərlər