Misirli alimlər Azərbaycanın elm ocaqlarında görüşlər keçirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə 18-22 dekabr tarixlərində Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər.
 
Dekabrın 18-də Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr qarşısında mühazirə söyləyib.
 
Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov açaraq, misirli alimləri iştirakçılara təqdim edib.
 
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çıxışında ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edildiyini deyərək, 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, misirli dilçi alimlərin Azərbaycana səfəri iki xalq arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.
 
Süveyş Kanalı Universitetinin professoru mühazirəsində ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra onun öyrənilməsinə tələbat artdı.
 
Hazırda Oksford, Kembridc, Sorbonne, Berlin, Sankt Peterburq, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikasının nüfuzlu universitetlərində Ərəb dili şöbələri fəaliyyət göstərir.
 
Misirli alim qeyd edib ki, ərəb dilinə artan marağa görə, dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.
 
Həmin gün professorun növbəti görüşü Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gerçəkləşib. Bu görüşdə Misir xəttatı Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş etdirilib.
 
Misirli alimlərin “İslam Həmrəyliyi İli” çərçivəsində həftə ərzində Beynəlxalq Ərəb dili Günü münasibəti ilə universitetlərdə, elm-təhsil ocaqlarında gənclərlə görüşləri keçiriləcək.
 
Proqrama uyğun olaraq, Əbdül Rəhim Əl-Kurdi Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim kollektivi qarşısında mühazirələrlə çıxış edəcək.
 
Bununla yanaşı, hər iki alimin Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutunun alimləri və Mərkəzi Elmi Kitabxananın rəhbərliyi, əməkdaşları ilə görüşləri təşkil olunacaq.
 
Səfər çərçivəsində misirli xəttat Mustafa Məhəmməd Amri "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda ödənişsiz əsaslarla təlimlər keçəcək.
 
Təlimlər barəsində öncədən elanlar verilib, xəttatlıq sənətini öyrənmək istəyənlərin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təlimlərə cəlb olunublar. Təlimlərin sonunda ərəb dili üzrə xəttatlıq sənətini mənimsəyən iştirakçılara sertifikatlar veriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 18.12.2017

Son xəbərlər