Misirli alimlər Şərqşünaslıq İnstitutunun əməkdaşları və universitet tələbələri ilə görüşüblər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görüş keçiriblər.

18 dekabr Beynəlxalq Ərəb Dili Günü münasibəti ilə keçirilən görüşdə Şərqşünaslıq İnstitutunun rəhbərliyi, əməkdaşları və ərəb dili üzrə ixtisaslaşan magistrant və dissertantlar iştirak ediblər.

İnstitutun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq, misirli qonaqların ölkəmizə səfərinin məqsədi barədə məlumat verib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Bilik Fondunun bu səfəri təşkil etməsindən məmnun qaldqlarını deyən akademik  misirli alimlərin müxtəlif universitetlər, elm və təhsil ocaqları ilə yanaşı, xüsusən Şərqşünaslıq İnstitutunda görüş keçirmələrini dilçiliyin inkişafı baxımından əhəmiyyətli hadisə adlandırıb.

Akademik bildirib ki, V əsrdə ərəb dilində yazılan şeirlərə bu gün də istinad olunursa, bu dil vasitəsi ilə VII əsrdə yazıb-yaratmış azərbaycanlı şairlərin əsərlərindən xəbər tuturuqsa, əksər xalqlar tarixlərini ərəb mənbələrindən öyrənirlərsə, artıq bu faktlar ərəb dilinin çox qədim mədəniyyət abidəsi olduğunu, özündə dərin irs daşıdığını sübuta yetirir.

Gövhər Baxşəliyeva onu da qeyd edib ki, Azərbayca mədəni irsinin yaradılmasında ərəb dilinin böyük rolu var, məhz bu amillər nəzərə alınaraq, alimlər qarşılıqlı əməkdaşlıq səviyyəsində layihələrə imza atmalıdırlar.  

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi  çıxışında 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, bu münsibətlə misirli alimlərin Bakıda keçirdikləri görüşlərdən danışıb, qonaqların maraqlı  təəssüratlar yaşadığını bildirib.

Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim Əl-Kurdi çıxışında ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra onun öyrənilməsinə tələbat artdı. Bir milyarda yaxın müsəlman dini etiqadına görə ərəb dilini öyrənmək öhdəliyi daşıyır.

Professor ərəb dilinin hazırda üzləşdiyi problemləri sadalayaraq, çatışmazlıqların aradan qaldırılmasında müsəlman ölkələri alimləri ilə iş birliyinə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərəb dili kompyüterlərin klaviaturalarında hərf kimi deyil, simvol kimi yazılır, avtomotik tərcüməni həyata keçirmək mümkün olmur, sürətlə çoxalan müasir sözləri əks etdirən lüğətlər yoxdur. Misirli professor bildirib ki, ərəb dili yazmaq, danışmaq dilindən elm dilinə çevrilsə və bu islahatları müsəlman alimlər birgə həyata keçirsələr, dünya mədəniyyətinə misilsiz töhfə verərələr.

Görüşdə İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, Ərəb filologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova, Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əmmar Sabiroğlu çıxış edərək, fikirlərini ərəb dilində söyləyiblər. Onların fikrincə, zənginliyi ilə nümunə olan ərəb dilinin müasir texnoloji dəyişikliklərə uyğunlaşdırılması dövrün qaçılmaz tələbidir və bu prosesdə azərbaycanlı elm adamları misirli həmkarlarına dəstək olmağa hazırdırlar.

Tədbirdə Misir xəttatı Mustafa Məhəmməd Amri müəllifi olduğu sərgini nümayiş etdirib və Şərqşünaslıq İnstitutunun adının əks olunduğu əl işini elm ocağına hədiyyə verib.

Həmin gün misirli alimlərin ikinci görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kolektivi ilə olub. Tədbiri universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Kəngərli açaraq, Bilik Fondu ilə qurulan əlaqələrin effektiv nəticələrindən danışıb və təhsil ocağının nümayəndələrinin ərəb dilçilərindən maarifləndirici məlumatlar öyrənəcəklərini bildirib. Universitetdə xəttatlıq dərslərinə başlanacağını diqqətə çatdıran prorektor bu görüşün tələbələrdə xəttatlıq sənətinə həvəs artıracağını söyləyib.

Qonaqlar çıxış etdikdən sonra iştirakçıların suallarını cavablandırıblar.

Misirli alimlərin “İslam Həmrəyliyi İli” çərçivəsində universitetlərdə, elm-təhsil ocaqlarında görüşləri davam edir. 18-22 dekabr tarixlərini əhatə edən tədbirlərə xəttatlıq üzrə təlimlərin keçirilməsi də daxildir.     

Xəttat Mustafa Məhəmməd Amrinin  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində  "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda təşkil etdiyi təlimlərin sonunda bu sənətin sirlərini mənimsəyən iştirakçılara sertifikatlar veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

 

Tarix: 20.12.2017

Son xəbərlər