Misirli alimlər Mərkəzi Elmi Kitabxana və Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüşüblər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru,  ədəbiyyat və humanitar elmlər fakültəsinin təsisçisi və dekanı Əbdül Rəhim Əl-Kurdi və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun məşhur xəttatı Mustafa Məhəmməd Amri növbəti görüşlərini dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçiriblər.

Qonaqlar öncə Mərkəzi Elmi Kitabxanada oxucular üçün yaradılan şəraitlə tanış olub, informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən sistemi barədə ətraflı məlumat alıblıar.

Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının  direktoru Leyla İmanova  açaraq, bildirib ki, rəhbərlik etdiyi bilik ocağının məqsədi Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərin təbliği, dilimizin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərə təqdim olunmasından ibarətdir.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi  çıxışında 18 dekabr - Beynəlxalq Ərəb Dili Günü ilə bağlı ölkəmizdə səfərdə olan misirli alimlərin müxtəlif elm-təhsil müəssisələrində, təşkilatlarda, AMEA-nın institutlarında keçirdikləri görüşlərdən danışıb.

Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim Əl-Kurdi ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. Professor ərəb dilinin hazırda üzləşdiyi problemləri sadalayaraq, çatışmazlıqların aradan qaldırılmasında müsəlman ölkələri alimləri ilə iş birliyinə ehtiyac olduğunu vurğulayıb. 

Tədbirdə Misir xəttatı Mustafa Məhəmməd Amri müəllifi olduğu sərgini nümayiş etdirib və  hazırladığı əl işini kitabxanaya hədiyyə edib.

Həmin gün qonaqlar həmçinin AMEA-nın Məhəmməd Füzuli adına  Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüşüblər.  

Görüşdən öncə iştirakçılar xəttatlıq sənəti nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini professor Aybəniz Əliyeva-Kəngərli açaraq, İnstitutun xarici əlaqələrinin getdikcə genişlənməsindən, “İslam həmrəyliyi İli” çərçivəsində həyata keçirdiyi layihələrdən ətraflı bəhs edib. A.Əliyev bu tədbirlərin gələcəkdə də davamlı olacağına əmin olduğunu vurğulayıb. 

Ərəb dili əlyazmalarının tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifli çıxış edərək, Azərbaycanda ərəbşünaslıq istiqamətinin geniş yayılması haqqında danışıb və Misirdə1 milyondan artıq əlyazmanın mühafizə olunduğunu diqqətə çatdırıb. O, Misirin Əlyazmalar İnstitutu ilə təcrübə və kadr mübadiləsinin hər iki ölkə üçün səmərəli olduğunu vurğulayıb.  

Süveyş Kanalı Universitetinin professoru tədbir iştirakçılarına əlyazmalar və onların spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. O, bəşəriyyətin əlyazmalarla bağlı şifahi, yazılı və danışıqdan ibarət üç mərhələdən keçdiyini  qeyd edib. O, ərəb islam mədəniyyətini ərəb əlyazmalarını qoruyan mədəniyyət kimi xarakterizə edib. Əlyazmalar üzərində işin bərpadan, araşdırmadan və oxudan ibarət olduğunu bildirən alim təkcə Misir Əlyazmalar İnstitutunda deyil, məscidlərdə və evlərdə də əlyazmaların mühafizə olunduğunu söyləyib. Alim əlyazmaların ilk dəfə xarici ölkə şərqşünasları tərəfindən araşdırıldığını və tədqiqat zamanı bilərəkdən xeyli “təhriflərə” yol verildiyini də nəzərə çatdırıb. 

Xəttat Mustafa Məhəmməd Amri Əlyazmalar İnstitutunun əməkdaşlarına üz tutaraq, onları qədim sivilizasiyanı qoruyan qəhrəmanlar adlandırıb. O, əlyazmaşünas alimlərin problem və çətinliklərini başa düşdüyünü bildirib və bu işdə onlara uğurlar arzulayıb. Qonaq Qurani-kərimin dörd nüsxədən ibarət əlyazmasını köçürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb və həmin əlyazmadan gətirdiyi nümunəni instituta bağışlayıb.  

Sonda Bilik Fondunun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova çıxış edərək, “İslam Həmrəyliyi İli” çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə məlumat verib.

Qonaqlar Ekspozisiya zalında əlyazma nüsxələri, xəttatlıq və miniatur nümunələri ilə də tanış olmuş, institutun xatirə kitabına ürək sözlərini yazıblar. 

Misirli alimlərin “İslam Həmrəyliyi İli” çərçivəsində universitetlərdə, elm-təhsil ocaqlarında görüşləri davam edir. 18-22 dekabr tarixlərini əhatə edən tədbirlərə xəttatlıq üzrə təlimlərin keçirilməsi də daxildir.     

Xəttat Mustafa Məhəmməd Amrinin  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində  "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda təşkil etdiyi təlimlərin sonunda bu sənətin sirlərini mənimsəyən iştirakçılara sertifikatlar veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

Tarix: 21.12.2017

Son xəbərlər