Moskva məktəblərinin direktorları Bilik Fondunun qonağıdırlar - FOTO


Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı - Rusiya Federasiyası Moskva şəhərinin “1273 nömrəli məktəb” Dövlət Büdcə Ümumtəhsil Müəssisəsinin (DBÜM) təşəbbüsü, Bilik Fondunun dəvəti və Moskva Şəhər Təhsil Departamenti (MŞTD) Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurasının (RDŞ) dəstəyi ilə Şura üzvləri Bakıda səfərdə olublar.

Səfər çərçivəsində “Məktəb №1532” DBÜM-nin direktoru, Rusiya Federasiyasının Fəxri ümumtəhsil işçisi, “Paytaxt Direktorları Liqası”nın üzvü, MŞTD Şəhər Attestasiya Komissiyasının üzvü, Moskva şəhəri Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı, Moskva şəhəri Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələri RDŞ-nin sədri Marqorita Butırskaya, “Məktəb №1273” DBÜM-nin direktoru, Konkovo Rayon Bələdiyyə Yığıncağının deputatı, biologiya elmləri namizədi Mixail Popov, “Məktəb №1507” DBÜM-nin direktoru, Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı Aleksandr Şuvalov, “Məktəb №49” Viktor Mixaylov, Moskva şəhəri, “Hüquqi Yardım Mərkəzi” Müstəqil Qeyri-Kommersiya Təşkilatının direktoru, siyasi elmlər namizədi Sergey Kandrikov Bilik Fondunda olublar.

Əvvəlcə qonaqlar Fondun əməkdaşlarının müşayiəti ilə Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Fondun rəhbərliyi və kollektivi ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonra Moskva şəhər Təhsil Departamenti Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr və İnformasiya təminatı sektorları arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər elmi-texniki sahədə maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət, müştərək layihələrin icra edilməsinin təmin olunması və informasiya mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Səfər çərçivəsində qonaqların Bilik Fondunun layihələrində fəal iştirak edən Bakı şəhərinin bir sıra orta məktəblərində müəllim-şagird kollektivi ilə görüşləri nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində xarici ölkələrin görkəmli elm xadimləri, alim və tədqiqatçıları, təcrübəli mütəxəssislərini mütəmadi olaraq Azərbaycana dəvət etməklə mühazirə və təlimlərini, yerli ictimaiyyət nümayəndələri və həmkarları ilə görüşlərini təşkil edir, yerli mütəxəssisləri və gəncləri dünya elminin nailiyyətləri ilə tanış edir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 23.01.2018

Son xəbərlər