Gürcüstan məktəbində Cümhuriyyətə həsr olunan mühazirə


Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, martın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Gürcüstan Respublikasının Saqareco Rayon Yor Muğanlı natamam kənd orta məktəbində mühazirə təşkil edib.
 
Bilik Fondu Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Aytən Xubanova məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə "Şərqdə ilk Demokratik Respublika" mövzusunda mühazirə söyləyib.
 
Fondun "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verən A.Xubanova ADR yaradıcılarının 1918-1920-ci illərdə Gürcüstanın paytaxtı Tbilisidə göstərdikləri ictimai-siyasi fəaliyyətdən söz açaraq, Fond tərəfindən bu şəhərdə nəzərdə tutulan tədbirlərin mahiyyətindən danışıb.
 
Mühazirəçi Prezident İlham Əliyevin "Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu" - fikrinə istinad edərək, bildirib ki, müasir Cümhuriyyətin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.
Tədbirdə Gürcüstan məktəblilərinin sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu Mətbuat xidməti
Tarix: 27.03.2018

Son xəbərlər