Yunanıstan səfiri Bilik Fondunda oldu


Aprelin 10-da Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolaos D.Kanellos Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin yunanşünaslıq ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə əhalisinin elmi biliklərinin atrırılması, dünya elminin əldə etdiyi nailiyyətlərlə tanış edilməsi, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir.
 
İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb.
 
O.Səmədov Yunanıstan səfirini yaradıcı insan kimi səciyyələndirərək, onun rəssamlıq və yazıçılıqla peşəkar səviyyədə məşğul olduğunu xatırladıb. İcraçı direktor səfirliklə Fondun gələcək əməkdaşlığının intensivliyi və effektivliyi məqsədi ilə təkliflər irəli sürüb. Görüşdə Fondun aparat rəhbəri İsaxan Vəliyev də çıxış edərək, Yunanıstanın dünyaya görkəmli filosoflar bəxş etdiyini deyib və cənab səfirin yaradıcı insan olmasını həm də bu amillə əlaqələndirib. İ.Vəliyev Yunan xalqı ilə Azərbaycan xalqı arasında oxşar cəhərlərin olduğunu diqqətə çatdıraraq, ikitərəfli əməkdaşlığın böyük nəticələr verəcəyinə inandığını söyləyib.
 
Respublikasını Azərbaycanda təmsil edən səfir Nikolaos D.Kanellos dəvətə görə minnətdarlığını bildirərək, ölkəmizdə təhsilin yüksək səviyyəsindən söz açıb və zəkalı fərdlərin yetişməsində dövlətçiliyin səmimiyyət üzərində qurulmasının və idarə olunmasının önəmini vurğulayıb.
 
Səfir deyib ki, xalqın xoşbəxtliyi onun fərdlərinin potensialından asılıdır və fərdi intellektual, savadlı, elmli olan cəmiyyətdə toplum sülh içərisində azad yaşayar. Yüksəkrütbəli diplomat Azərbaycanın məhz bu prinsipə əsaslanan cəmiyyət olduğunu dilə gətirib.
 
Bilik Fondu rəhbərliyinin əməkdaşlıqla bağlı təkliflərini müsbət dəyərləndirdiyini deyən səfir, Fondun könüllüləri, təcrübəçiləri, fəaliyyətini dəstəkləyən bütün gəncləri ilə mütamadi görüşməyə və müxtəlif mövzularda səmimi ortamda fikir mübadiləsi aparmağa hazır olduğunu bildirib.
 
Qonaq öz növbəsində Bilik Fondu rəhbərliyini Yunanısatana səfərə dəvət edib, qarşı tərəf bu dəvəti müsbət qiymətləndirib.
Səfir görüşdə təcrübəçilərin sullarını cavablandırıb. Fondun xatirə kitabına ürək sözlərini yazan qonağa “Qarabağ” kitabı və Fondun xatirə hədiyyələri təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 10.04.2018

Son xəbərlər