Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir


Aprelin 18-də Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vladimir Onişenko və universitetin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Svetlana Savitskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədovla görüşüb, əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması istiqamətində Fondun fəaliyyəti ilə tanış olub, ukraynalı alim və tədqiqatçıların Azərbaycanda, ölkəmizin tanınmış ziyalılarının Ukraynada mühazirə və ustad dərslərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi məsələlərini müzakirə ediblər.
 
Səfirlik və Fond əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşdə Ukraynanın qədim tarixə və ənənələrə malik ali təhsil ocağının rəhbərliyi Azərbaycanın bir sıra universitetləri ilə qurulmuş əlaqələrdən danışıb, Bilik Fondu ilə əməkdaşlığın bu əlaqələrin genişlənməsinə, elm və təhsil müəssisələrində elmi biliklərin müxtəlif sahələri üzrə informasiya mübadiləsinin aparılmasına, hər iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük dəstək verəcəyinə əmin olduqlarını bildiriblər.
 
Həm humanitar, həm də texniki elmlərin bir çox sahələri, o cümlədən memarlıq və inşaat, neft və qaz sənayesi üzrə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən Poltava Milli Texniki Universitetinin rektoru V.Onişenko ölkəmizin paytaxtında aparılan tikinti və quruculuq işlərini xüsusi maraqla izlədiyini, ölkə iqtisadiyyatının nailiyyətlərinə heyran olduğunu bildirib, azərbaycanlı gənclərin elmə və təhsilə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına münasibətini yüksək dəyərləndirib.
 
Bilik Fondunda işgüzar görüşün məhz ölkə Prezidentinin andiçmə mərasiminin keçirildiyi günə təsadüf etdiyini xatırladan ukraynalı alim Fondun kollektivini ölkəmizdə Prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.
 
Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Bilik Fondunun icraçı direktoru O.Səmədov dövlət başçısının elm və təhsilin inkişafına, əhalinin maariflənməsinə və bununla da bilikli və bacarıqlı insan kapitalının formalaşmasına daim yüksək diqqət və xüsusi qayğı ilə yanaşdığını, Fondun və onun ətrafında toplaşan intellektual qüvvənin bu kapitalın zənginləşməsinə layiqincə xidmət etmək əzmində olduğunu bildirib.
 
Tədbirdə Ukrayna Respublikasının Poltava Milli Texniki Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 18.04.2018

Son xəbərlər