Misirin ölkəmizdəki səfiri Bilik Fondunun qonağı oldu


Aprelin 30-da Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim xanımı Enas Eissa ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Qonaqları səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydi müşayət edib.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə əhalisinin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılması, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir.
 
İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb.
 
Azərbaycana yeni təyin olunmuş səfir Adel İbrahim dəvətə görə minnətdarlığını bildirərək, ölkəmizdə inkişafın yüksək səviyyəsindən, multikultural mühitdən söz açıb.
 
Bilik Fondu rəhbərliyinin əməkdaşlıqla bağlı təkliflərini müsbət dəyərləndirdiyini deyən səfir Fondun könüllüləri, təcrübəçiləri ilə mütəmadi görüşməyə və müxtəlif mövzularda səmimi ortamda fikir mübadiləsi aparmağa hazır olduğunu bildirib.
 
Qonaq öz növbəsində Bilik Fondu rəhbərliyini Misir Ərəb Respublikasına səfərə dəvət edib, qarşı tərəf bu dəvəti müsbət qiymətləndirib.
 
Sonda səfirə və xanımına Fondun xatirə hədiyyələri təqdim edilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 30.04.2018

Son xəbərlər