Bilik Fondu III Beynəlxalq Şagird Konfransı keçirdi – “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” (CBC, VİDEO)


 
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq Şagird Konfransı öz işinə başlayıb.
 
Azərbaycanın 26 bölgəsindən 80, xarici ölkələrdən – Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəblinın qatıldığı konfransda 101 şagird iştirak edir.
 
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin və xanımı akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Şagird Konfransında açılış nitqi söyləyərək, mötəbər tədbirdə iştiraklarına görə məktəblilərə minnətdarlığını bildirib. Ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" imzaladığı Sərəncamla yanaşı, bu ilin həm də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladan O.Səmədov şagirdlərin beş bölmə üzrə konfransa təqdim etdikləri yazıların mütəxəssislər tərəfindən seçildiyini, əsasən səmimi hisslərini dolğun fikirlərlə fərqli üslubda qələmə alanlara üstünlük verildiyini vurğulayıb.
 
İcraçı direktor qeyd edib ki, konfransın materiallarından ibarət toplu dərc olunur. Hər bir iştirakçıya elektron formada təqdim edilən topluda məktəblilərin Azərbaycan dilində 70, rus dilində 17, ingilis dilində 6 və türk dilində 6 məqaləsi əksini tapıb.
 
Konfransa qatılan xarici ölkə məktəblilərinə paytaxt Bakını daha yaxından tanımağa, yaşıdları ilə dostluq münasibətləri qurmağa şərait yaradılacağını vurğulayan icraçı direktor onlara elmin yolunda mətin addımlarla irəliləməyi arzulayıb.
 
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin aparıcı məsləhətçisi Namiq Ağayev, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi çıxış edərək III Beynəlxalq Şagird Konfransının işinə uğurlar arzulayıblar.
 
Qeyd ediblər ki, belə tədbirlər yeniyetmələrin təfəkkürünün formalaşmasında, biliklərinin artmasında, onların vətənpərvər ruhda inkişaf etməsində böyük rol oynayır.
 
Məktəblilər - Türkiyədən Asya Aslantürk, Rusiyadan Anna Sanina, Gürcüstandan Luka Gegeşidze, Azərbaycandan Ümid Həbibov çxışlarında müsabiqənin qalibləri olduqlarına görə sevindiklərini və Beynəlxalq Şagird Konfransına qatıldıqları üçün qürur duyduqlarını dilə gətiriblər.
 
Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdi Samirə Orucova növbəti beynəlxalq konfransın Qarabağda keçirilməsini arzuladığını deyib və xarici yaşıdlarını işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə dəvət edib.
 
Konfrans çərçivəsində Azərbaycanın Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Türkiyənin Bandırma Yavuz Sultan Səlim Anadolu Liseyinin və Rusiyanın Mıtişi şəhər 31 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb.
 
AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zallarında “Heydər Əliyev və azərbaycançılıq”, “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan tarixi və coğrafiyası”, “Azərbaycanı tanıyaq” mövzularında keçirilmiş bölmə iclaslarında Azərbaycan, türk, rus və ingilis dillərində məruzələr dinlənilib.
 
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra məktəblilərə iştirakçı sertifikatları və Bilik Fondunun hədiyyələri təqdim edilib.
 
Bədii hissədə Yasamal rayonu 24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin hazırladığı musiqili kompozisiya nümayiş olunub.
 
Mayın 5-də Beynəlxalq konsfransa xarici ölkələrdən qatılan iştirakçılar şəhərimizin görməli yerləri ilə tanış olacaqlar.
 
Benəlxalq Şagird Konfransı Bilik Fondu tərəfindən ənənəvi qaydada təşkil olunur. I konfrans ““Kitabi-Dədə Qorqud” və Naynrix Fridrix Fon Dits – 200” mövzusunda, 2015-ci ildə, II konfrans "Bir günəşin zərrəsiyik" mövzusunda 2017-cı ildə keçirilib. Tədbirlərdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistanın 250-ə yaxın məktəblisi iştirak edib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti



 

Tarix: 04.05.2018

Son xəbərlər