Bilik Fondu Rabindranat Taqorun yaradıcılığı ilə bağlı tədbir keçirdi


Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
 
ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları salamlayararaq, dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir etdiyini deyib.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun "Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb.
 
İ.Vəliyev mütəfəkkirlərin Taqorun yaradıcılığı haqqında maraqlı fikirlər söylədiklərini diqqətə çatdıraraq, 1998-ci ildə “rifah iqtisadiyyatı mövzusundakı əlavələrinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Amartiya Senin hindli yazıçının şəxsiyyətinə və yazıçılığına verdiyi qiyməti diqqətə çatdırıb. Bildirib ki, Taqoru Benqaliyanın qızıl səsi adlandıran A.Senin onun inandırıcı yazmasını üç mədəniyyətin qovuşuğunda – indus, müsəlman və ingilis mədəniyyətli benqal ailəsində böyüməsi ilə əlaqələndirib.
 
R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edib.
 
Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu deyərək, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb.
 
S.Rana qeyd edib ki, Hindistanla Azərbaycan arasında bütün sahələrdə, xüsusən elmi müstəvidə qurulan əlaqələrin daha da genişlənməsi məqsədilə səfirlik Bilik Fondu ilə əməkdaşlığa həmişə hazırdır.
 
Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov mühazirə söyləyib.
 
Professor R.Taqorun əsərlərindəki məna çalarlarına aydınlıq gətirərək, şairin filosof səviyyəsində yazdıqlarının oxucularda heyratamiz hisslər yaratdığını bildirib. Yazıçının həyatını hind xalqının azadlığı uğrunda mübarizəyə həsr etdiyini vurğulayan B.Əhmədov Taqorun on ikidən çox roman və povestin, otuzadək dram əsərinin, yüzlərlə poetik və mənsur şeirin müəllifi olduğunu xatırladıb, yazıçının hind və benqal ədəbiyyatına yeni ruh gətirdiyini deyib.
 
Professor onu da bildirib ki, R.Taqor Nobel mükafatına layiq görülən ilk asiyalı yazar olaraq tarixə düşüb. 1923-cü ildən başlayaraq onun əsərləri dilimizə tərcümə edilir və haqqında məqalələr yazılır.
 
Sonda Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti mərkəzinin kollektivinin ifasında R.Taqorun müəllifi olduğu şeirlər və mahnılar səsləndirilib.
 
1861-ci il mayın 7-də Hindistanın Kəlküttə şəhərində dünyaya gələn R.Taqor 1941-ci il, avqustun 7-də dünyasını dəyişib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.05.2018

Son xəbərlər