Bilik Fondu Almaniyalı alimin mühazirəsini təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin 3 saylı Bakı ASAN Xidmət mərkəzində Almaniya Federativ Respublikasının tanınmış hüquqşünası, Frankfurt şəhərindəki Kanzlay Haynzen hüquq şirkətinin vəkili Stefan Heynzelin “Almaniya Federativ Respublikasının ailə hüququnun özəllikləri” mövzusunda mühazirəsi keçirilib. Fondun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, ASAN Könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev Agentliyin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu qəbildən olan silsilə maarifləndirici tədbirlərin keçirilməsinin məkanı kimi ASAN Xidmətin seçilməsinə görə Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.
 
Fondun aparat rəhbəri, professor İsaxan Vəliyev qonağı iştirakçılara təqdim edərək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə yaradıldığını, bu qurumun ölkə prezidentinin korrupsiya ilə mübarizə siyasətində səmərəli bir təsisata çevrildiyini xüsusi vurğulayıb.
 
Aparat rəhbəri Agentliklə Bilik Fondunun əməkdaşlığını, iki qurum arasında birgə fəaliyyətlə bağlı imzalanmış memorandumu xatırladıb, Azərbaycan Respublikası və Almaniya Federativ Respublikasının ailə məcəlləsinin bəzi oxşar və fərqli xüsusiyyətlərindən danışıb. O, daha sonra Azərbaycan Respublikasında vəkillik təsisatında baş verən köklü islahatların insan hüquq və azadlıqların təminatı istiqamətində gözlənilən nəticələri verdiyini konkret misallarla dinləyicilərin diqqətinə çatdırıb.
 
Məruzəçi qismində çıxış edən Stefan Heynzel Almaniya Federativ Respublikasının ailə qanunvericiliyində nigah və boşanma institutlarının mahiyyətini dinləyicilərə izah edib. Natiq daha sonra boşanma, nigahın etibarsız hesab edilməsi və vərəsəlik institutlarının Azərbaycan qanunvericiliyi ilə müqayisəli təhlilini aparıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 13.07.2018

Son xəbərlər