Bilik Fondu Türkiyənin Egey Universitetində mühazirə təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 və türk dünyasında Azərbaycanın yeri” mövzusunda tədbir keçirilib.
 
İnstitutun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən, türk dünyası araşdırmaları ilə məşğul olan gənc tədqiqatçıların iştirakı ilə keçirilən tədbirdə Azərbaycandan olan əməkdar jurnalist, “Xalq” qəzetinin müxbiri Namiq Əhmədov mühazirə ilə çıxış edib.
 
Mühazirəçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü hər bir azərbaycanlının qürur mənbəyidir. 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq tarixi olsa da, onun yaratdığı milli istiqlal ideyaları tarixin ən şərəfli səhifələrindən hesab olunur. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrilib. O cümlədən, mətbuat və söz azadlığının təmin edilməsi Cümhuriyyətin demokratik dəyərlərə verdiyi önəmin təzahüri idi. Hazırda dünyanın demokratik ölkələri Azərbaycan xalqına hələ 100 il bundan əvvəl demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına görə sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşırlar.
 
Görüşdə F.Türkmən azərbaycanlı alimlərlə olan əlaqələrindən söz açıb, müstəqil dövlətimizin hər sahədə yürütdüyü siyasi xətti yüksək dəyərləndirib.
 
Sonda institutun kitabxanasına Bilik Fondu adından Milli Məclisinin üzvü Cavanşir Feyziyevin Azərbaycan və türk dillərində nəşr olunmuş kitabları təqdim olunub. Məşhur alim də öz Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin yeni nəşri olan və özünün də yazısının yer aldığı “Ortaq miras” kitabını Bilik Fonduna hədiyyə edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.07.2018

Son xəbərlər