Bilik Fondu İzmir Kitab və Kağız Sənətləri Muzeyində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar jurnalisti Namiq Əhmədovun Türkiyənin məşhur İzmir Kitab və Kağız Sənətləri Muzeyində kollektivlə və muzeyin yaradıcısı, araşdırmaçı alim Nedim Sönməzlə görüşü keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda kitab nəşri” mövzusunda mühazirə muzey əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.
 
Bildirilib ki, 1918-ci il mayın 28-də şərqdə demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. O cümlədən mətbuat və söz azadlığının təmin edilməsi Cümhuriyyətin demokratik dəyərlərə verdiyi önəmin təzahürü idi. Bu dövrün mətbuatın inkişafında, kitab nəşrində yeni bir mərhələ olduğu, senzuranın aradan götürülməsinin nəşr işində mühüm bir addım olduğu diqqətə çardırılıb.
 
Görüşdə araşdırmaçı-alim Nedim Sönməz muzeyin yaranma tarixindən, kitab və kağız sənətinin tarixi, bu günkü inkişafı haqqında məlumat verib, qonağı Azərbaycanda nəşr olunan kitablar üçün ayrılmış guşə ilə tanış edib. O, eyni zamanda, hazırda Almaniyanın Drezden Muzeyində saxlanılan “Kitabi-Dədə Qorqud”un nadir nüsxəsi üzərində apardıqları tədqiqat haqqında ətraflı məlumat verib.
 
Nedim Sönməz Azərbaycana olan marağından da danışıb, Azərbaycan guşəsinin yeni nəşrlərlə daha da zənginləşdirilməsini, burada azərbaycanlı qonaqları görmək istədiyini dilə gətirib, xüsusən də Bakıda Bilik Fondu və Miniatür Kitab Muzeyi ilə əməkdaşlıq arzusunu bildirib.
 
Görüşün sonunda Nedim Sönməz “İzmir Kitab və Kağız Sənətləri Muzeyi” adlı nəfis tərtibatlı kitabı imzası ilə Bilik Fonduna hədiyyə edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 19.07.2018

Son xəbərlər