Bilik Fondu Belarus səfirliyi ilə əməkdaşlığa başlayır


Oktaybrın 4-də Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin baş müşaviri Mixail Karaçun və səfirliyin birinci katibi, konsul İnessa Pavlovskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
 
Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən diplomatlara Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir.
 
İcraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində Fondun gördüyü işlərdən danışaraq, bu günə qədər ölkəmizdəki bir çox səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri ilə əlaqələr qurulduğunu, müxtəlif məzmunlu birgə tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
 
Qeyd edilib ki, 20-dən çox ölkənin səfirləri Fondun qonağı olublar və bu görüşlərdə beynəlxalq müstəvidə əməkdaşlıq məsələləri müzakirə edilib.
 
İcraçı direktor Fondun nəzdində fəaliyyət göstərən klublardan söz açaraq, “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər”, “Diplomatlar” Klublarının iş prinsipi, “Qardaşlaşmış məktəblər”, “Dünya elmi Azərbyacanda”, “Azərbaycan elmi dünyada" layihələri haqqında danışıb, bu layihələrin beynəlxalq əhəmiyyəti barədə qonaqları məlumatlandırıb.
 
Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin baş müşaviri M.Karaçun bildirib ki, Belarus Respublikası 2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək, Birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycan paytaxtı Bakıda keçirildiyindən ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinə ehtiyac var. Qeyd edilib ki, səfirliklə Bilik Fondunun bu istiqamətdə əməkdaşlığı məqsədəuyğun olardı.
 
Qonaqlar dünyanın ən böyük kitabxanaları sırasında Belarus Milli Kitabxanasının özünəməxsus yeri olduğunu vurğulayaraq, 8 milyondan çox kitabın saxlandığı elektron kitabxana ilə ədəbiyyat mübadiləsi aparılmasını təklif ediblər.
 
Əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması sahəsində sıx əlaqələrin qurulması ilə bağlı aparılan fikir mübadiləsindən məmnun qaldıqlarını deyən diplomatlar alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyət yönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
 
Sonda Bilik Fondu ilə Belarus Respublikasının Azərbaycandakı səfirliyi arasında fəaliyyət planının imzalanması ilə bağlı razılıq əldə olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 04.10.2018

Son xəbərlər