“Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı”


13-15 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun Lektorlar Qrupunun üzvü, Rusiyanın tanınmış tədqiqatçısı, tarixçi və siyasi təhlilçisi Oleq Kuznetsovun bölgələrdə yerli əhali ilə silsilə görüşləri keçirilib.

Rusiyalı alim görüşlərdə “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirələrlə çıxış edib.

İlk görüş Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşib. Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev görüşə qatılan gəncləri, rəsmi qurumların nümayəndələrini, yerli ziyalıları mövzunun mahiyyəti barədə məlumatlandırıb, O.Kuznetsovun Azərbaycan üçün gördüyü işlərin alqışa layiq olduğunu bildirib.

                   mingecevir                                       Mingecevir 2

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova Azərbaycan-Rusiya münasibətlərindən danışaraq, ölkələrimizin tarix boyu qarşılıqlı dostluq və qonşuluq şəraitində yaşadığını deyib. Bildirib ki, rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsi həm xalqlar arasında dostluğun, həm də Azərbaycan reallıqlarına obyektiv yanaşmanın bariz göstəricisidir.

O.Kuznetsov mühazirəsində Qareqin Njdenin “tseqakron” təliminin nasist və hətta irqçi xarakter daşıdığını təsdiqləyən sənədlər haqqında məlumat verərək, Ermənistan SSR Dövlət Siyasi İdarəsinin sədri, I dərəcəli dövlət təhlükəsizliyi komissarı Armenak Abulyanın 1933-cü ildə tərtib etdiyi analitik qeydlərdən bəhs edib.

Mühazirədən sonra rusiyalı alim tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.

Həmin gün Tərtər rayonuna səfər edən O.Kuznetsov ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi ilə tanış olub. Abidə ermənilərin İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə məhz onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda danılmaz tarixi faktı itirmək məqsədilə işğalçılar “Marağa-150” abidəsinı qəsdən dağıdıblar. Azərbaycan Prezidentinin tapşırığı ilə abidə tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənədlər, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində nümayiş etdirilib.

                  terter                                        terter qarabag

O.Kuznetsovun Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının inzibati binasında görüşü keçirilib. Dövlət qurumlarının nüamyəndələri, orta məktəblərin rus dili müəllimləri, gənclər və ziyalıların iştirak etdikləri tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov açaraq, politoloqun Qarabağ həqiqətlərinin Rusiyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib.

Rusiyalı alim bu görüşdə də tarix boyu ermənilərin nasizm ideologiyasının azərbaycanlılarla yanaşı, müxtəlif xalqlara qarşı həyata keçirildiyini faktlarla diqqətə çatdırıb. Qonaq Qarabağ Regional Bilik Evi ilə də tanış olub.

Oktyabrın 15-də Rusiyalı alimin Sumqayıt Dövlət Univeristetində tələbə və müəllimlərlə görüşü keçirilib.

Bilik Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Bilik Fondunun əməkdaşı Almaz Axundova, universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Prorektorlar Azərbaycan-Rusiya dostluğunun tarixindən və iki ölkə arasında elmi, iqtisadi, siyasi, mədəni əməkdaşlıqdan,  erməni terrorizminin xalqımıza qarşı törətdiyi cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən bəhs ediblər.

Rusiyalı alim O.Kuznetsov yenidən Sumqayıt Dövlət Universitetinə gəlişindən məmnunluğunu ifadə edərək bildirib ki, belə görüşlərin mütəmadi keçirilməsində məqsəd gənclərə erməni vandalizminin, işğalçılıq siyasətinin mahiyyətini açmaqdır.

O.Kuznetsovun sözlərinə görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materiallarında sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğu göstərilib.

                 sumqayit                                        sumqayit 1

“Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”.

Həmin gün O.Kuznetsovun Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində də yerli ictimaiyyətin nümayəndələri ilə görüşü keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai-siyasi  və humanitar məsələlər şöbəsi müdirinin müavini Fərman Kazımov görüş iştirakçılarına mövzunun mahiyyəti barədə məlumat verib. O.Kuznetsov ”Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirə oxuyub.

Mühazirədən sonra ünvanlanan suallar ətrafında geniş diskussiya aparılıb.

Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti 

Tarix: 16.10.2018

Son xəbərlər