Dubay Wollongong Universitetinin rektoru Bilik Fondunda oldu


Qlobal Karyera İnstitutunun dəvətilə Bakıya səfərə gələn Avstraliyanın Wollongong Universiteti Dubay filialının rektoru, professor Mohammad Salem Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşüb. İnstitutun direktoru Orxan Həsənoğlunun da iştirak etdiyi görüş Bilik Fondunda keçirilib.
 
Fondun icraçı direktoru Oktay Səmədov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla 2014-cü ildən fəaliyyət göstərən Fondun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılmasına, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliğinə, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına, gənclərin elmi biliklərinin artırılmasına, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. Bu gün neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırıqları uğurla yerinə yetirilir. Alimlərin, mütəxəssislərin bölgələrdə və paytaxtda təşkil olunan mühazirələrində, "dəyirmi masalar"da, təqdimatlarda, müsabiqələrdə müxtəlif xarakterli maarifləndirici tədbirlərdə gənclərə azərbaycançılıq ideologiyası konteksində müasir düşüncə tərzinin vacibliyi aşılanır.
 
Fondun "İl boyu bilik" proqramı əsasında "Dünya elmi Azərbyacanda", "Azərbaycan elmi dünyada" layihələrini icra etdiyini, həm yerli, həm də xarici alimlərin üzvü olduğu Lektorlar Qrupunun formalaşdığını diqqətə çatdıran O.Səmədov bir neçə təklif səsləndirib. Qeyd edib ki, Dubayda fəlaiyyət göstərən Wollongong Universitetinin alim kontingentinin Azərbaycanın müxtəlif məkanlarında mühazirələrinin, magistrlarının eyni istiqamətli bir neçə ali təhsil müəssisəsində təcrübələrinin təşkilinə, hər iki qurum arasında elmi populyar nəşrlərin mübadiləsinə dəstək göstərmək məqsədəuyğun olardı.
 
Dubay Wollongong Universitetinin rektoru M.Salem bu görüşdən məmnun olduğunu bildirərək rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixindən və təhsil strategiyasından söz açıb. Əsası Avstraliyada qoyulmuş universitetin 1993-cü ildə Dubay filialının açıldığını deyən rektor kolleclə birgə ali məktəbdə 4 minə yaxın tələbə və magistrantın təhsil aldığını söyləyib.
 
M.Salemin sözlərinə görə, hədəfi etik, mobil, texnoloji cəhətdən savadlı məzunlar yetişdərmək olan universitetdə biznes, mühəndislik, informasiya, incəsənət və hümanitar elmləri əhatə edən fakültələr fəaliyyət göstərir. Bütün proqramlar xüsusi olaraq milli məşğulluq bazarının təlabatlarını ödəmək üçün hazırlanıb. Ali məktəbin professor heyəti geniş tədris, tədqiqat və sənaye təcrübəsilə dünyaya səs salan yüksək mövqeli alimlərdən ibarətdir, 9500-dən çox məzun regionun dövlət və özəl sektorunda yüksək səviyyəli vəzifələrdə çalışırlar.
 
Professor M.Salem Fondun icraçı direktoru O.Səmədov tərəfindən irəli sürülən təklifləri dəstəkləməyə hazır olduqlarını vurğulayıb. Yaxın gələcəkdə qurumlar arasında Niyyət Protokolunun imzalanması ilə bağlı ilkin razılıq əldə olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.10.2018

Son xəbərlər