“Bütün Planet Azərbaycanda təmsil olunur”


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı Beynəlxalq Yay məktəbi layihəsinin başa çatmasından iki aya yaxın vaxt ötməsinə baxmayaraq iştirakçılar öz təəssüratlarını hələ də xarıcı KİV-lərdə bölüşməkdə davam edirlər. 
Sentyabrın 16-da Bolqarıstanın həftəlik “Jılt Trud” qəzetində beynəlxalq yay məktəbinin bolqarıstanlı iştirakçıları Momçil Şopov və Janet Nikolovanın “Bütün Planet Azərbaycanda təmsil olunur” adlı məqaləsi dərc edilib. M. Şopov və J. Nikolova yazılarında Cənubi Qafqazda bütün parametrlərinə görə lider dövlət olan Azərbaycanın şahidi olduqları əsrarəngiz təbiəti, son illər sıçrayışlı iqtisadi yüksəlişi ilə yanaşı 60-dan çox milli etnik qrupun və müxtəlif dini konfessiyaların yüz illər boyu sülh və əminamanlıq şəraitində birgə yaşamalarınıdan ətraflı söhbət açıblar. Məqalədə iyulun 20-dən avqustun 1-dək keçirilən Beynəlxalq Yay məktəbinin Nabranın istirahət mərkəzində keçirdikləri unudulmaz mühazirə və bədii tədbirlər, Qubanın, Qusarın və Xaçmazın görməli yerlərinə edilən səfərlər, həmin rayonlarda müxtəlif mühazirələr, yerli dövlət orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, bölgə gəncləri ilə görüşlər, Azərbaycanın multikultural əhval-ruhiyyəsi ilə əyani şəkildə tanış olmaları haqda da maraqlı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinə 8 xarici və 7 yerli universitetlərin tələbələri ilə yanaşı, azərbaycanlı və avropalı tanınmış elm adamları da qatılmışdı. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti
21 sentyabr 2015-ci il

Tarix: 21.09.2015

Son xəbərlər