İtaliyalı alimlər Azərbaycanda


İtaliya “Sandro Teti Editore” Nəşriyyat Evinin direktoru, beynəlxalq əlaqələr üzrə ekspert Sandro Teti və xanımı professor Laura Peretti Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə Azərbaycanda səfərdədirlər. Qonaqlar Fondun “İlboyu bilik” proqramı və “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində bir sıra görüşlər keçiriblər. 
Memar Laura Peretti Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində memarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsləri keçib. Azərbaycanda bir sıra memarlıq layihələrinin müəllifi olan xanım Peretti landşaftşünaslıq və landşaft arxitekturası haqqında mühazirə deyib. Professor tələbələrə ölkəmizdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, memarlığın sirlərindən danışıb. 
Sandro Teti Azərbaycan Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” və “Politologiya” ixtisasları üzrə təhsil alan tələbələrə “Bir sıra Avropa dövlətlərinin Azərbaycana qarşı həyata keçirdiyi ikili standartlar siyasəti” mövzusunda mühazirə deyib. İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən ekspert bundan sonra da müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə əminliyini vurğulayıb. 
Bilik Fondu beynəlxalq əlaqələr üzrə ekspert Sandro Tetinin iştirakı ilə videokonfrans təşkil edəcək. Videokonfransa Sumqayıt, Mingəçevir, Qəbələ, Lənkəran, Şamaxı və Bərdədən olan gənclər, yerli ziyalıların nümayəndələri qatılacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 01.10.2015

Son xəbərlər