Polşanın fövqəladə və səlahiyyətli səfiri Bilik Fondunda olub


Polşanın fövqəladə və səlahiyyətli səfiri cənab Marek Calka Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub. 
Fondun icraçı direktoru Oktay Səmədov Polşa ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən, iki ölkə arasında siyasi, iqtisadi, hüquqi, mədəni, elm və turizm sahələrində əməkdaşlığın yüksələn xətlə inkişafından söhbət açıb. Azərbaycanın müstəqilliyini ilk aylarda tanıyan dövlətlərdən birinin də Polşa olduğunu vurğulayan O.Səmədov 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Polşaya ilk səfəri zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa zəmin yaradan hüquqi müqavilələrin imzalandığını da xatırladıb. O.Səmədov rəhbərlik etdiyi Fondun həyata keçirdiyi müxtəlif layihələr barədə səfirə məlumat verib, maarifçiliyin bütün ölkələrdə cəmiyyətin inkişafına təkan verdiyini vurğulayıb.
Səfir Marek Calka Bilik Fondunda görüşdən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında əməkdaşlığın 500 ildən çox tarixə malik olduğunu bildirib. Fondun gördüyü işləri maarifçilik istiqamətində mütərəqqi addım kimi dəyərləndirən cənab səfir “Qardaşlaşmış məktəblər”, “Docendo discimus”, “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada” layihələrinə xüsusi maraq göstərib. Səfir Polşa məktəblilərinin azərbaycanlı şagirdlərlə Qardaşlaşma Sazişi imzalamasını arzuladığını dilə gətirib. Cənab M.Calka onu da deyib ki, Polşanın nüfuzlu universitetləri ilə yerli təhsil ocaqları arasında alimlərin mübadiləsi, qarşılıqlı ustad dərslərinin təşkili hər iki tərəf üçün uğurlu nəticələr əldə etməyə imkan yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 14.10.2015

Son xəbərlər