Mərakeş Krallığının Azərbaycandakı səfiri Bilik Fondunun qonağı olub


Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Elaydi müşayiət edib. 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cənab səfiri rəhbərlik etdiyi qurumun əməkdaşları ilə tanış edib və həyata keçirilən layihələr barədə məlumat verib. 
Görüşdə qarşılqlı əməkdaşlıqla bağlı maraqlı təkliflər səsləndirən O.Səmədov bildirib ki, Fondun xarici əlaqələri genişlənir və bu istiqamətdə Mərakeş Krallığı ilə birgə layihələr həyata keçirmək məqsədəuyğun olar.
Bilik Fondunun Qardaşlaşmış məktəblər layihəsini xatırladan icraçı direktor Türkiyə, Çexiya, Ukrayna, Polşa məktəblərinin Azərbaycanlı həmkarları ilə qardaşlaşmaq niyyətində olduqlarını deyib, bu sırada Mərakeş Krallığı məktəblilərinin də olmasını arzuladıqlarını dilə gətirib.
O.Səmədov cənab Səfiri eyni zamanda Fondun könüllüləri arasında diplomatiya, beynəlxalq münasibətlər üzrə ali təhsil alanlara mühazirələr deməyə dəvət edib.
Azərbaycanın bölgələrində Qafqaz Albaniyasına aid tarixi abidələrin mövcud olduğunu diqqətə çatdıran icraçı direktor bu ərazilərə Səfirlə birgə səfər etməyin tarixin araşdırılması baxımından üstünlüklərindən danışıb.
Görüş zamanı Azərbaycan və Mərakəş təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi barədə fikirlər səsləndirildi. 
Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilik Fondu ilə görüşdən, həmçinin səsləndirilən təkliflərdən məmnun qaldığını deyib. Səfir bildirib ki, Bilik Fondu ilə geniş əməkdaşlığa hazırdır. O, ölkəmizdə olduğu müddət ərzində xalqımızın qonaqpərvərliyinə heyran qaldığını deyib. Sonda cənab Səfir Bilik Fondunun xatirə kitabına ürək sözlərini yazıb.

Tarix: 16.10.2015

Son xəbərlər