İtaliya səfiri Bilik Fondunda oldu


İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Səfir Fondun rəhbərliyi ilə görüşüb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurum barədə səfirə məlumat verib. 
Bilik Fondunun layihələrindən danışan icraçı direktor xarici əlaqələr sahəsində görülən işlərin və perspektivdə nəzərdə tutulan tədbirlərin ümumi mahiyyətini açıqlayıb. 
O.Səmədov bildirib ki, Bilik Fondunun dostu olan xarici elm adamları arasında italiyalıların olması Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə böyük təkandır. 
İtaliyanın səfiri Ciampaolo Kutillo isti və səmimi münasibətə görə Bilik Fonduna minnətdarlığını bildirib. Səfir deyib ki, onun ölkəsi Azərbaycanla dostluq münasibətindədir və bu münasibət hər ötən gün daha da möhkəmlənir. 
Bu yaxınlarda İtaliyada Dövlət müşaviri, akademik Kamal Abdullayevin müəllifi olduğu "Yarımçıq əlyazma" kitabının yüksək mükafata layiq görüldüyünü xatırladan səfir İtaliya oxucusunun Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. 
Ciampaolo Kutillo Bilik Fondu ilə xüsusən də mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyin vacibliyinə toxunaraq, bir neçə təklif səsləndirib. 
Bu təkliflərdən məmnun olduğunu diqqətə çatdıran Bilik Fondunun icraçı direktoru italiyalı alimləri, mədəniyyət adamlarını mütəmadi olaraq layihələrə qoşulmağa dəvət edib. Belə razılığa gəlinib ki, hər iki tərəfin təklifləri paket halında hazırlanıb, müzakirəyə çıxarılsın və yaxın günlərdə birgə geniş fəaliyyət planı müəyyənləşdirilsin.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 30.10.2015

Son xəbərlər