Bilik Fondunun icraçı direktoru I Millətlərarası Qafqaz Türkoloqları Çalışma Toplantısında iştirak etmişdir


Türkiyənin Yunus Emre İnstitutunun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Yunus Emre İnstitutu və Türk Dilləri Qurumunun birgə təşkilatçılığı ilə İstambul şəhərində keçirilən I Millətlərarası Qafqaz Türkoloqları Çalışma Toplantısında iştirak etmişdir. Tədbirdə Türkiyə, Azərbaycan və Gürcüstanın tanınmış elm və mədəniyyət xadimləri müasir türkologiyanın, türk dilləri tədrisinin aktual problemlərini müzakirə etmişlər.

Azərbaycanın türkologiya elmi Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgərov, Ədəbiyyat tarixi kafedrasının dosenti Məhərrəm Vəliyev, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, professor Tofiq Məlikov, xalq şairi, professor Sabir Rüstəmxanlı, Xəzər universitetinin dekanı, dosent Elza Səmədova, Bakı Avrasiya Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədova ilə təmsil olunmuşdur.

Rəsmi açılış mərasimindən sonra Türkiyə alimlərinin iştirakı ilə Azərbaycan və Gürcüstan nümayəndələrinin dəyirmi masaları təşkil olunmuş, fikir mübadiləsi aparılmış, türkologiya elminin inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. Yekun olaraq toplantı iştirakçıları 15 bənddən ibarət qətnamə qəbul etmişlər. İştirakçılara Yunus Emre İnstitutu və Türk Dilləri Qurumunun təşəkkürnamələri, yeni nəşr olunmuş "Türk dili lüğəti" və iki cildli "Türk dilində danışıq kitabı"təqdim olunmuşdur.

Qafqaz türkoloqlarının növbəti toplantılarının 2016-cı ildə Bakı, 2017-ci ildə Batumi şəhərlərində keçirilməsi qərara alınmışdır.

Tədbir çərçivəsində O.Səmədov Yunus Emre İnstitutunun prezidenti Hayati Develi, vitse-prezidenti Şeref Ateş, Tbilisi Bölməsinin müdiri Zekeriya Gültekin və Bakı Bölməsinin müdiri İbrahim Yıldırım, Türk Dilləri Qurumunun rəhbəri Mustafa Kaçalin, İstambul Universitetinin prorektoru Sedat Murad, professoru Osman Sartkaya, Ardahan Universitetinin prorektoru Gürkan Doğan, Marmara Universiteti Xarici Dillər İnstitutunun rəhbəri Harun Duman, Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin İdarə müdiri Mehmet Ali Akdağ ilə görüşmüş, gələcək əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparmışdır.     

Tarix: 03.12.2015

Son xəbərlər