"Şahdağda multikulturalizm"


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 12-də öz işini Qusarda davam etdirib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Tələbələr yerli gənclərlə birgə Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ziyarətdən sonra qış məktəbinin iştirakçıları yerli gənclərin dəvəti ilə çay süfrəsində səmimi söhbət aparıblar.

Qış məktəbinin tələbələri üçün Şahdağ Turizm Kompleksində dağ xizək əyləncəsi təşkil olunub.

Axşam saatlarında Bakıdakı Modern hoteldə “Klassik Azərbaycan musiqisi axşamı” və bu proqram çərçivəsində Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov tələbələrlə görüşü nəzərdə tutulub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Sevinc Mürvətqızı Qusarda qış məktəbinin tələbələri ilə söhbətləşib, onların ölkəmizlə bağlı təəssüratlarını, Azərbaycan multikulturalizmi ilə bağlı fikir və düşüncələrini öyrənib.

Rusiya iştirakçı Ruslana Klimova ötən il təşkil olunmuş Beynəlxalq Multikulturalizm yay məktəbinə də qatılıb: “ Həm yay, həm də qış məktəbində Azərbaycan multikulturalizmi ilə bağlı maraqlı bilgilər əldə etmişəm. Artıq Azərbaycan multikulturalizminin xüsusiyyətləri haqqında aydın təsəvvürlərim var”.

Polşalı tələbə Olga Krajevska bildirib ki, əhalisinin 90 faizini polşalılar təşkil edən bir ölkənin vətəndaşı kimi onun multikulturalizm haqqında məlumatı azdır: “Multikulturalizm haqqında öyrənmək, xüsusilə də Azərbaycan multikulturalziminin mahiyyətini anlamaq bizim üçün çox maraqlıdır. Qış məktəbi çərçivəsində müzakirələrin, diskussiyaların, eləcə də əyləncələrin təşkilini yüksək qiymətləndirmək lazımdır”.

Belarusdan olan iştirakçı Anastasia Yurçenko Azərbaycan multikulturalizmi haqqında ilk dəfə ğtən il eşitdiyini deyib: “Bizə tədris olunan fənn sayəsində ölkənizdə fərqli dinlərə məxsus insanların, müxtəlif xalqların birgə sülh şəraitində yaşaması haqqında bilgilər əldə etdim. Burada hər kəsin özünü necə rahat hiss etdiyinin şahidi oldum. Öyrəndim ki, multikulturalizm Azərbaycanda həm də dövlət siyasətidir”.

Litvalı tələbə Kamilia Puncevic diqqətə çatdırıb ki, bu ölkəyə ilk səfərimə baxmayaraq Azərbaycanın necə zəngin multikultural dəyərlərə sahib olması məni çox təəccübləndirdi: “ Azərbaycan multikulturalizmi haqqında öyrəndiklərimizi əyani şəkildə görmək imkanı qazandıq. Azərbaycanda müxtəlif dinlərə, millətlərə məxsus insanların birgə yaşaması nümunəvi haldır”.

Portuqaliyalı müdavimi Jose Felisberta Azərbaycanın multikulturalizm ənənələri haqqında son 3 ay ərzində məlumat əldə etdiyini bildirib: “İxtisasıma uyğun olaraq Azərbaycan multikulturalzimi modelini öyrənirəm. Düşünürəm ki, ölkəniz haqqında öyrənmək, burada olmaq mənim üçün yaxşı təcrübədir”.

İsveçrəli tələbə İlg Susanne söyləyib ki, Azərbaycanda qədim mədəniyyətlə modernizim maraqlı şəkildə bir-birinə qovuşub.

Gürcüstanlı iştirakçı Georgiy Saladze Azəbaycanda bir tərəfdə qədimliyin, bir tərəfdə modern mədəniyyətin çox gözəl bir vəhdət şəklində çulğaşdığını söyləyib: “ Azərbaycan multikulturalizmi haqqında öyrənmişdim. Burada isə öyrəndiklərimin əyani şahidi oldum. Bildiyiniz kimi, Gürcüstanda Əli və Nino abidəsi var.

Azərbaycanlı yazıçının “Əli və Nino” əsərinin ölkənizdə də böyük şöhrətə malik olduğunu gördüm. Düşünürəm ki, keçən əsrin əvvəllərində Bakıda yaşayan milliyyətcə gürcü qızı xristian Nino ilə azərbaycanlı müsəlman Əlinin məhəbbəti Azərbaycan multikulturalizminin ən parlaq sübutudur”.

Polşalı tələbə, Varşavadan gələn Cuanna Casinska bu günlər ərzində Bakıda gözəl memarlıq nümunələri, rəngarənglik gördüyünü vurğulayıb: “ Bakıda şərq və qərb mədəniyyətinin maraqlı bir sintezi var. Bakıda gördüm ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri necə mehriban yaşayırlar. Burada bütün dinlərə və millətlərə hörmətlə yanaşılır. Quba, Xaçmaz və Qusarda olanda buradakı yerli gənclərin necə istiqanlı, qonaqpərvər, mehriban olduqlarının şahidi oldum. Azərbaycan mətbəxini çox bəyəndim. Burada ilk dəfə ağ gilas mürəbbəsinin dadına baxdım, çox ləzzətli idi.

Çexiyalı iştirakçı Petr Urvan qış məktəbi ərzində həm Bakıda, həm bölgələrdə zəngin təəssürat aldığını deyib: “Bakıda, Qubada, Xaçmazda çoxsaylı görüşlər keçirmişik. Bakı bulvarını, şəhərin tarixi məkanlarını gəzmişik. Böyük təəssüratlarımız var. Memarlıq abidələri, tarixi binalar möhtəşəmdir. Qusarda dag xizək əyləncəsi çox xoşumuza gəldi. Azərbaycanda olduğumuz müddətdə həm Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərimizə əyani şəkildə gördüklərimiz əlavə olundu, həm də çox yaxşı əyləndik”.

Nigeriyalı iştirakçı İbrahim Olayinka Akinyemi Azərbaycanı çox sevdiyini, burada olduğu müddət ərzində artıq Azərbaycan dilində xeyli sözlər öyrəndiyini diqqətə çatdırıb.

Azərbaycan Texniki Universitetinin tələbəsi Şükufə Əhmədli keçən il Beynəlxalq Multikulturalizm yay məktəbinin fərqlənən içtirakçılarındandır. Ş.Əhmədli həm yay, həm də qış məktəbində xeyli xarici dostlar qazandığını bildirib: “İnanıram ki, akademik Kamal Abdullayevin vurğuladığı kimi, ölkəmizə səfər edən qış məktəbinin iştirakçılarının Azərbaycana marağı məhəbbətə çevriləcək”.

Qış məktəbinin iştirakçıları söhbət zamanı bu layihəni həyata keçirdiyi üçün Prezident İlham Əliyevə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevə, eləcə də digər təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Tarix: 12.02.2016

Son xəbərlər