“Qardaşlaşmış məktəblər” layihəsinin yekunları müzakirə olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Beynəlxalq Multikulturalizm Qış Məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin yekunlarına dair toplantı keçirilib. 
Toplantıda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlar iştirak ediblər.
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin gedişi, ölkə mediasında işıqlandırılması, xarici və yerli tələbələrin, həmçinin məktəblilərin tədbirlərdə, mühazirələrdə və ekskursiyalarda iştirakı, Fondun əməkdaşlarının fəaliyyəti geniş müzakirə olunub. Multikulturalizm ilində belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və layihələrin davamlılığının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, sözügedən layihələr çərçivəsində xarici ölkə məktəblilərinin və tələbələrin Azərbaycana səfəri onlara ölkəmizin mədəniyyəti və həyat tərzi ilə yaxından tanışlığa, xalqımızın tolerantlıq ənənələri və multikultural dəyərlərə verdiyi önəmin şahidi olmağa imkan yaradıb. 
Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-dən 16-dək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm qış məktəbi, fevralın 13-dən 16-dək isə “Qardaşlaşmış məktəblər” layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 23.02.2016

Son xəbərlər