Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı


Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93– cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransöz işinə iştirakçıların Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etməklə başlayıb.

İki gün davam edəcək konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Əhməd Saniç gələn qonaqları salamladıqdan sonra ulu öndərin xatirəsinə həsr edilmiş bu konfransın artıq dördüncü dəfə keçirildiyini və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini bildirib.

Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən rektor, bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və ölkənin gələcəyində mühüm rola malik olan gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini vurğulayıb.

Rektor bildirib ki, Qafqaz Universiteti dövlətimizin gənclər siyasətinin həyata keçirilməsinə daim məsuliyyət hissi ilə yanaşıb və dəstəkləyib: "Bu baxımdan, Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və doğum günü ərəfəsində hər il ənənəvi olaraq davam etdirilən Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı xüsusi əhəmiyyətə malikdir".

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova bu konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə çox mühüm vəzifələrin düşdüyünü bildirib: "Elm, təhsil xalqın rifahının yüksəldilməsinə, dövlətimizin gələcək nailiyyətlərinin artmasına xidmət edir, məhz buna görə Qafqaz Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndir və yaradıcı gənclərə uğurlar diləyirəm".

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xudiyev ənənəvi olaraq hər il keçirilən konfransı müsbət dəyərləndirib və bildirib ki, belə konfransların keçirilməsi gənclər arasında elmi əməkdaşlığı və elmi münasibətləri daha da möhkəmlədirməklə yanaşı ölkəmizdə uğurla aparılan multikulturalizim siyasəti ilə də üst-üstə düşür.

Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov konfransa dəvət edildiyi, elmin inkişafında mühüm addım kimi bu işin ağırlığını, məsuliyyətini öz üzərinə götürdüyü üçün Qafqaz Universiteti rəhbərliyinə dərin minnətdarlığını bildirib, konfransın davamlı və məhsuldar olacağına əminliyini ifadə edib.

"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası keyfiyyətin idarə ediləsi departamentinin direktoru Abbas Quvalov hər bir elmi tədqiqatın istehsalata tətbiqinin vacibliyini qeyd edərək bildirib ki, "Akkord" şirkətlər qrupu bu sahədə elmi nailiyyətləri dəstəkləyir və Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnundur.

Konfrans 5 seksiya olmaqla 20 fərqli ana istiqamət üzrə öz işini davam etdirir.

Qafqaz Universitetinin rəhbərliyi belə mötəbər tədbirin ən yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirləri həyat keçirmişdir və keçirməkdə davam etməkdədir. Bu konfransın Möhtərəm Prezident İlham Əliyev Cənablarının öz Sərəncamı ilə elan etdiyi multikulturalizm ilinə də təsadüf etməsi xüsusi önəm təşkil edir.

Tarix: 29.04.2016

Son xəbərlər