Bilik Fondu İordaniya səfirliyi ilə Anlaşma Memorandumu imzaladı


İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Anlaşma Memorandumu imzalanıb.   

Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh ilə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tərəfindən imzalanan sənəd iki qurum arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləməyi və bu əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

İmzalama mərasimində səfir Nassar İbrahim Məhəmməd əl-Habaşneh Fondun əməkdaşlarını salamlayaraq ölkələrimiz arasında 1993-cü ildən başlayan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Səfir imzalanan sənədin qarşılıqlı maarifləndirici layihələrin həyata keçirilməsinə təkan verəcəyini də vurğulayıb.   

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi"nin olduğunu xatırladaraq, maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik arasında ikitərəfli Anlaşma Memorandumunun imzalanmasının işbirliyinə böyük töhfə verə biləcəyini qeyd edib. İcraçı direktor onu da bildirib ki, cənab səfirin Bilik Fonduna gəlişi zamanı aparılan fikir mübadiləsi əsasında  artıq maarifçilik sahəsində birgə fəaliyyət üçün konkret təkliflər hazırlanıb.

Anlaşma Memorandumu imzalandıqdan sonra tərəflər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 09.06.2016

Son xəbərlər