Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib


Bakı Slavyan Universitetinin (BSU) Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində (AMTM) Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

BSU və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə təşkil edilən tədbirə PİTU-nun müəllimləri, ukraynalı və əcnəbi tələbələr, habelə “Ukrayna azərbaycanlılarının birləşmiş diasporu”nun Poltava regional təşkilatının nümayəndələri dəvət edilib.

AMTM-in direktoru Yaşar Alxasov tədbir iştirakçılarına məlumat verib ki, iyunun 15-i müasir Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və bu, Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Heydər Əliyev çox qısa müddətdə ölkəni iqtisadi və siyasi böhrandan çıxararaq, müstəqil və güclü dövlətə çevirib. Y.Alxasov diplomatiya, iqtisadiyyat və humanitar sahələrdə Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsi və inkişafında ulu öndər Heydər Əliyevin böyük rolunu xüsusilə qeyd edib.

PİTU-nun elmi işlər üzrə prorektoru Sergey Qarkuşa qeyd edib ki, xalqın tarixində şəxsiyyətin rolu Heydər Əliyev kimi dövlət xadimlərinin timsalında aydın görünür. Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Azərbaycan müstəqil siyasət yürüdür, onun rəyi ilə digər ölkələr hesablaşırlar. Sonra prorektor PİTU və BSU arasında genişlənən elmi əlaqələrdən danışıb.

Sonda tədbir iştirakçıları AMTM-in hazırladığı “Heydər Əliyev Ukrayna ədəbiyyatında və mətbuatında” mövzusunda sərgi ilə tanış olublar.

 

AZƏRTAC 

Tarix: 17.06.2016

Son xəbərlər