Türkiyə – Rusiya barışında "Qardaşlaşmış məktəblər" izi


Əlbəttə sevinirik. 2015-ci il noyabrın 24-də necə kədərlənmişdiksə, 2016-cı il iyunun 27-də elə sevindik. Sülhpərvər Azərbaycan qardaşı, dostu, qonşusu olan iki nəhəng dövlətin bir-birinə qarşı gərgin münasibətinə biganə qala bilməzdi. Təyyarənin vurulması hadisəsindən 3 gün sonra – noyabrın 27-si Azərbaycan Prezidenti İlham Əliyev  ölkəmizə səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə bildirdi ki, hər iki ölkə ilə tarixən sıx əlaqələrə malik olduğumuzdan bu gərginlikdən təəssüf və narahatlıq hissi keçiririk. Azərbaycan tərəfi Türkiyə – Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.              

İctimaiyyət də eynisini düşünürdü. Ancaq düşünmək azdır. Siyasilər öz işlərini görəcəkdilər. Bununla yanaşı, rəhbər şəxslərin sülh mesajlı açıqlamalarına xalqlar əməli dəstək verməliydi. Hələ ki, nə türk, nə də rus xalqı irəliyə doğru addım atırdı. Onların mətbuatlarındasa savaş ifadələri barış ifadələrini kölgədə qoymuşdu.  Belə məqamda nəsə qeyri-adi ideyanın gerçəkləşməsinə ehtiyac vardı. Azərbaycan  Respublikasının  Prezidenti yanında Bilik Fondunda bu ideyanın özülü çoxdan qoyulmuşdu.

"İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsinin sərhədləri aşmasını, beynəlxalq aləmə çıxmasını xeyli müddətiydi planlaşdırırdıq. Ölkə daxilində 43 məktəb arasında "Qardaşlaşma Sazişi" imzalanmışdı. Məqsəd müxtəlif  bölgələrin məktəbləri arasında körpü yaratmaq, ünsiyyəti formalaşdırmaq, bilik inteqrasiyasına nail olmaq, yeniyetmələrə dostluq dəyərinin ali hiss olduğunu aşılamaq, azərbaycanlıların əsirlərdən bəri tapındığı qardaşlıq ənənəsini təbliğ edərək, dəyər kimi yaşatmaq, bir-birinin qonağı olan şagirdlərə vətəndaşı olduqları ölkəni qarış-qarış tanıtdırmaq, genimizdə yaşatdığımız multikultural həyat tərzinin, həm psixoloji, həm də fiziki mənada insan rahatlığını təmin etdiyini aşılamaqdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Biki Fondunun Himayəçilər Şurasının üzvü akademik Kamal Abdullayevdən təşəbbüs gəlir: mübarək missiyanı niyə beynəlxalq səviyyəyə çıxarmayaq? Əsl şərait yaranıb. Türk və rus məktəblilərini Bakıya qonaq çağıraq, onları yerli məktəblilərlə görüşdürək, paytaxtımızla yaxından tanış edək, aralarındakı münasibəti dostluq və qardaşlıq müstəvisinə gətirərək, Sazişlə rəsmiləşdirək.

Alqışlanası ideyadır, sadəcə reallığa çevrilməsi müşküldür. Bakı hazırdır. Bəs Türkiyə, bəs Rusiya? Hər iki ölkənin təhsil rəsmiləri razılıq verəcəklərmi? 2016-cı ilin yanvarıdır. Nəinki buzlar əriyib, əksinə, şaxta münasibətləri daşa döndərib. Qoy olsun. Geri çəkilən deyilik. Ünvanımıza səsləndirilən "alınmaz" rədifli cəsarətsiz qafiyələrə belə, məhəl qoymadan ideyanın gerçəkləşməsinə israr göstəririk.  Fondun Himayəçilər Şurası xeyir-dua verir, yolumuzun açıq və hamar olmasına böyük dəstək göstərir. Vaxt təyin olunur, proqram hazırlanır, məktublar yazılır, xəbərlər yayılır.

Nəhayət  Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və  Bakı Slavyan Universitetinin Məktəb - Lisey Kompleksinin şagirdləri bir araya gəlirlər. 4 məktəb arasında "Qardaşlaşma Sazişi" BSU-nun akt zalında imzalanır. İnanırdıq ki, bu imzalar Türkiyə və Rusiya arasında sülhün təməlini qoyur.

Hər üç ölkənin məktəbliləri fevralın 16-na qədər Bakıda oldular. Gəzdilər –gördülər, oxudular – maarifləndilər, oynadılar – dincəldilər, intellektual yarışlar keçirdilər – bildilər. Bildilər ki, onların dostluğu təmsil etdikləri ölkələrinin müansibətlərinə böyük töhfə olacaq. Türklər rusları, ruslar türkləri qonaq çağırdılar. Sülhün ilk qaranquşları bizdən xahiş etdilər ki, növbəti görüşləri Ankara və Moskavada təşkil edək.

Hələ onda  iyulun 27-i deyildi, fevralın 14-ü idi. Hələ Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan vurulan təyyarənin pilotlarının ailəsinə dərin hüznlə başsağlığı verməmişdi. Daşa dönən buz suya çevrilməmişdi.

Hadisələr durulur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə və Rusiya arasındakı gərgin münasibətin yumşalmasındakı böyük rolu aydın görünür. İyulun 1-i Rusiyanın Soçi şəhərində səfərdə olan və rus həmkarı Sergey Lavrovla görüşən Türkiyənin xarici  işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın dövlət başçısına Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşdırılması istiqamətində göstərdiyi köməyə görə minnətdarlığını bildirir. Bundan öncə Türkiyənin baş naziri Binəli Yıldırım da İlham Əliyevə təşəkkür etmişdi. 

Əlbəttə sevinirik. Azərbaycan Prezidenti qardaşı, dostu, qonşusu olan iki nəhəng dövlətin bir-birinə  yaxınlşamasında müstəsna xidmət göstərib. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi də bu yaxınlaşmada iştirakçı olubsa, nə mutlu bizə.

Türk və rus məktəbliləri Bakıda olarkən yerli həmkarları ilə birgə Azərbaycan Prezidentinə müraciət ünvanlamışdılar. Müraciətdə deyilir: “Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə verən “Qardaşlaşmış məktəblər” layihəsinin məhz Azərbaycanda keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb eşitdiklərimiz bizim hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı, həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın dostu, himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi.

Biz ürəyimizin səsi ilə Azərbaycanda gördüklərimizi ölkəmizdə təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andı ilə üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək, növbəti dəfə öz dostlarımızla Moskva və Ankarada yenidən görüşəcəyik. 

Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq".

Yenidən görüşəcəksiz. Çəkinmədən, sıxılmadan, açıq ürək, geniş düşüncə ilə. Artıq Azərbaycanın da dəstəyi ilə iki ölkə arasında münasibətlər bərpa olunur. Sülhü qorumaq qardaşlaşmaqdan keçir. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin beynəlxalq səviyyədə növbəti uğurlarını gözləyin.

 

Ceyhun Musaoğlu        

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun mətbuat katibi  

Tarix: 05.07.2016

Son xəbərlər