İsrail səfirinin müavini Bilik Fondunda oldu


İsrailin Azərbaycandakı fövqəldə və səlahiyyətli səfirinin müavini Amir Rom Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edərək, yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşadığını bildirib. Ölkələrimiz arasında 1992-ci ildən qurulmuş diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan O.Səmədov siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini də deyib. İcraçı direktor Fondun həyata keçirdiyi maarifləndirici layihələr, xarici diplomatik korpuslar və səfirliklərlə qurulan əməkdaşlıq əlaqələri, birgə təşkil olunan tədbirlər barədə ətraflı məlumat verib.

Dəvətə və səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirən İsrail səfirinin müavini Amir Rom deyib ki, İsrail və Azərbaycan arasında olan möhkəm əlaqələr iki ölkənin ictimaiyyəti arasında da dostluq münasibətlərinin güclənməsinə təkan verməlidir. Məqsədimiz qarşılıqlı münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də cəmiyyət arasında inkişafına dəstək olmaqdır. Bu baxımdan Bilik Fondunun gördüyü işlərin cəlbedici və diqqətəlayiq olduğunu bildirən Amir Rom maarifləndirici layihələrə qatılmağın hər iki ölkənin gənclərinin marağında olduğunu vurğulayıb. Qonaq İsraildə də Azərbaycanda gördüyü kimi multikultural mühitin hökm sürdüyünü diqqətə çatdıraraq, birgə fəaliyyətin faydalı nəticələr verəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə  İsrailin Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın detallarının geniş müzakirə olunması və 2017-ci il üçün birgə tədbirlər planının hazırlanması təklif olunub.

Qonağa Bilik Fondunun hədiyyəsi təqdim olunub.    

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru 

Tarix: 14.10.2016

Son xəbərlər