“Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin yekun toplantısı olub


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun toplantısını keçirib. 

Təqdimatda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova layihəyə dair görülən işlər, o cümlədən sentyabr ayında Azərbaycanın 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında aparılmış sosioloji araşdırma, İctimai Televiziyanın “Addım-addım” (5 buraxılış) və “Açıq dərs” (1 buraxılış) verilişlərində ekspertlərin iştirakı ilə ümumilikdə 6 mövzu ətrafında müzakirələr və s. haqqında məlumat verib. 

“Açıq dərs” verilişində müzakirə olunan “İxtisas seçiminə ailənin təsiri və rolu” mövzusunun cəmiyyətdə rezonansa səbəb olduğunu deyən İ.Yaqubova bu məsələnin gündəmdə saxlanmasının zəruriliyini vurğulayıb. Sonra mövzu ətrafında ictimai müzakirələr başlayıb. Tədbirdə Bilik Fondunu İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova təmsil edib. Müzakirələrdə İctimai Televiziya, Bilik Fondu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri də məsələnin aktuallığını nəzərə alaraq, bu istiqamətdə köklü islahatların aparılmasının qaçılmaz olduğunu dilə gətiriblər. Tədbir maraqlı fikir və təkliflərlə davam edib.

Tarix: 25.11.2016

Son xəbərlər