Avtomobillərə texniki xidmət üzrə kursu bitirən gənclərə sertifikatlar verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu  bilik” proqramı çərçivəsində “Auto Azərbaycan” MMC bir sıra Bakı kəndlərində yaşayan gənclər üçün “avtomobillərə texniki xidmət üzrə usta hazırlığı” kurslarında ödənişsiz təlimlər keçib. Bilik Fondunun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan gənclər bu kursa cəlb ediliblər.

Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda kursu uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Tədbirdə “Auto Azərbaycan” MMC-nin Təlim Mərkəzinin rəhbəri Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədov, təlim keçən gənclər iştirak ediblər. 

Fondun icraçı direktoru Oktay Səmədov gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə “Auto Azərbaycan” MMC-nin rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib.    

Təlim Mərkəzinin rəhbəri T.İsmayılov Bilik Fondunun təşkilatçılığı ilə keçirilən təlimlərdə gənclərin həvəslə iştirak etdiyini vurğulayıb. Onu da bildirib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq “Auto Azərbaycan” MMC-də, digərləri isə müxtəlif avtomobillərə texniki xidmət müəssisələrində işlə təmin olunublar.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, Fond bu istəqamətdə ikinci dəfədir ki təlim kursları təşkil edir. Artıq Qax Bilik evində “Auto Azərbaycan” MMC ilə əldə edilən razılaşma əsasında 12 nəfər gənc avto-çilingər peşəsi üzrə təlim kursunda edib və üç aylıq təlimin sonunda onlar proqramı müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatlar əldə ediblər: “Sevindirici haldır ki, bu gənclərin hamısı yaşadıqları rayonlarda öyrəndiklərini tətbiq etmək imkanı qazanaraq işlə təmin olunub və onlardan bəziləri digər gənclərə ustad dərsləri keçirlər”.

Ötən il Qax Bilik evində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı olan gənclər “avtomobillərə texniki xidmət üzrə usta hazırlığı” təlimi keçiblər. "Auto Azərbaycan" şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanında uğurlu nəticələr göstərən 12 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan dərs alıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 29.11.2016

Son xəbərlər