Narkomaniya ilə mübarizədə gənclərin rolu böyükdür


Yanvarın 31-də Binəqədi rayon Gənclər Evində “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərin asudə vaxtlarının səmərəli təşkilinin vacibliyini qeyd edib, onları tütün, alkoqol, narkomaniya kimi zərərli vərdişlərdən, dini radikalizm və ekstremizm təsirlərindən uzaq olmağa çağırıb. O, gənclərin sağlam böyüməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladan Q.Bayramov diqqətə çatdırıb ki, sənəddən irəli gələn vəzifələr Binəqədi rayonunda da uğurla icra olunur.

Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1997-ci ildən ölkəmizdə fevralın 2-si tarixinin Azərbaycan Gəncləri Günü elan olunduğunu deyən rayon icra hakimiyyətinin əməkdaşı Rauf Həsənov bildirib ki, hər il bu gün ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan mühüm dövlət sənədləri Azərbaycan gəncliyinin inkişafı yolunda vacib amilə çevrilib.

Bilik Fondunun beynəlxalq layihələr üzrə aparıcı məsləhətçisi Səbuhi Bayramov gəncləri zərərli vərdişlərdən uzaq durmağa, həmçinin bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açıb. Diqqətə çatdırıb ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəallığı zəruridir.

AZƏRTAC

Tarix: 31.01.2017

Son xəbərlər