Təhlükəsiz internet günü ilə bağlı videokonfrans


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci il fevralın 7-də Nazirliyin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib. 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi videokonfransda “Yaxşı İnternet üçün birləşək” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusunda müzakirələr aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzinin direktor müavini vəzifəsini icra edən Rauf Cabarov Təhlükəsiz internet günü barədə ətraflı məlumat verərək mərkəzin fəaliyyəti barədə danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs edib. Bu layihələrə bölgə əhalisinin birbaşa cəlb olunması üçün Mərkəzin yaratdığı şəraiti yüksək qiymətləndirən İ.Vəliyev  elmi nailiyyətlərin geniş auditoriyaya çatdırılması və interaktivliyin təmin olunması üçün bu platformanın üstünlüklərini vurğulayıb.      

Çıxış edənlər –Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçiləri Pərviz Əliyev və Günel Nağdəliyeva, həmçinin Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri tədris prosesində istifadə olunan elektron resurslar, internetdə təhlükəsizlik qaydaları haqqında geniş məlumat veriblər. Videokonfransda Bakı məktəbliləri ilə yanaşı iştirak edən Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ məktəbliləri və müəllimləri onları maraqlandıran suallara cavab alıblar. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 07.02.2017

Son xəbərlər