İslam Universitetində tələbələrə sağlam həyat tərzi aşılandı


Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Elnarə Nuriyevanın  İslam Universitetində maarifləndirici mühazirəsi təşkil olunub. 

"6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş tədbiri giriş nitiq ilə Bilik Fondunun əməkdaşı Ceyla Məmmədova açaraq, təmsil etdiyi qurumla İSİM-in birgə həyata keçirdiyi işlərdən danışıb. C.Məmmədova bildirib ki, mühazirə Bilik Fondunun “Tibbi marifləndirmə” proqramı əsasında keçirilir.

İSİM-in əməkdaşı E.Nuriyeva mühazirədə tələbələrə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verib. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğulayaraq, passivlik ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs edib.

Mütəxəssis qeyd edib ki, müasir dövrün tələblərinə uyğunlaşan insanlar gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayırır. Onların günlərinin əksər hissəsi passivlikdə, oturaq şəraitdə keçir, bu da öz növbəsində, yaşından, saqlamlıq durumundan asılı olmayaraq orqanizmdə problemlər yaradır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə yol açır.

Aktiv həyat tərzinin ürək-damar sisteminin, skletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklər riskinin azaldılmasına səbəb olduğunu deyən E.Nuriyeva İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər barədə qısa məlumatı da tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda İSİM tərəfindən hazırlanmış fiziki aktivliyin faydalarından bəhs edən maarifləndirici vəsaitlərlə tanış olan iştirakçıların sualları cavablandırılıb.

Müxtəlif elm, təhsil ocaqlarında, təşkil olunan silsilə maarifləndirici tədbirlər Bilik Fondu və İSİM arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişinə əsasən keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 06.04.2017

Son xəbərlər