Bilik Fondu Qəbələnin Nic qəsəbəsində keçirilən Pasxa bayramında udiləri sevindirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian Dini İcması ilə birgə təşkil etdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kurs başa çatıb.

AZƏRTAC xəbər verir ki, təlim kursunu bitirən udi gəncləri buraxılış imtahanları veriblər. Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın rəhbərlik etdiyi imtahan komissiyası müdavimlərin şifahi danışıq və yazı qabiliyyətlərini müsahibə, fərdi tapşırıq, tərcümə işi, test tapşırıqları ilə yoxlayıb. Rusdilli məktəblərin məzunları olan bu dinləyicilərin Azərbaycan dilində sərbəst danışıq vərdişlərini xeyli yaxşılaşdırdığı məlum olub.

“Cotari” Alban-udi kilsəsində müdavimlərə kursu bitirmələrinə dair sertifikatları Qəbələ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla iş üzrə təşkilatçı Absalam Hüseynov, Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Qəbələ Rayon İcra Hakimiyyətinin Nic inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, qəsəbədəki məktəblərin direktorları təqdim ediblər. Udi icmasının üzvləri Bilik Fondunun bu layihəsini yüksək dəyərləndirərək Fondun rəhbərliyindən layihənin davam etdirilməsini xahiş ediblər. Xüsusilə son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində yaşamış xeyli udi gəncin daimi yaşamaq üçün Nic qəsəbəsinə qayıtdığını bildirilib, kurslara ən çox Azərbaycan dilini zəif bilən gənclərin cəlb edilməsi təklif olunub.

Pasxa bayramı gününə təsadüf edən tədbirdə həm də Bilik Fondu tərəfindən kilsəyə 60 adda kitab hədiyyə olunub. Azərbaycan, rus və ingilis dillərində olan bu kitabların, eləcə də “Multikulturalizm” jurnalının bütün saylarının ayrıca sərgisi açılıb. Pasxa bayramını qeyd etmək üçün “Cotari” Alban-udi kilsəsinə toplaşan Nic sakinləri həm də kitab sərgisi ilə tanış olublar.

Mərasimdə çıxış edən Bilik Fondunun sektor müdiri Hacı Abdulla udiləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin adından təbrik edib. “Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu ölkəmizdə yaşayan, dövlət dilimizi öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaqdır. Udidilli əhaliyə Azərbaycan dilini tədris etmək həm bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini təbliğ etmək, həm də onların dövlət, ictimai sektorda çalışmalarına dəstək verməkdir.

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, kilsənin dini rəhbəri Rafiq Danakari çıxış edərək Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə təbrikini minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Bilik Fondunun kilsəyə bağışladığı kitabları ən qiymətli hədiyyə kimi qəbul etdiklərini deyərək, kilsənin həyətində yenicə təmir edilmiş bir otaqda Bilik Fondunun kitabxanası yaradılacağını, kursların da bundan sonra həmin kitabxanada keçiriləcəyini bildiriblər.

Digər çıxış edənlər “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər. Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığın bariz nümunəsi olduğunu qeyd ediblər.

Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub.

Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Tarix: 16.04.2017

Son xəbərlər