Bilik Fondu Astara məscidində və Heydər Əliyev Mərkəzində tədbirlər keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Məscid kitabxanası” layihəsi “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə daha intensiv şəkildə həyata keçirilir.
 
Fondun kitablar hədiyyə etdiyi növbəti məscid Astara rayon Şiyəkaran kənd məscidi olub.
 
Mayın 1-də Məsciddə keçirilən görüşdə Şiyəkaran kəndinin sakinləri onlara kitablar hədiyyə olunduğu üçün Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.
 
Məscidin axundu Rusif Məmmədov Bilik Fondu ilə dini ocağın birgə maarifləndirmə layihələri həyata keçirməsinin məqsədəuyğun olduğuna diqqət çəkərək, əsasən yeniyetmə və gənclərin belə tədbirlərdə iştirakının vacibliyindən danışıb.
 
Həmin gün Bilik Fondunun təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara rayon Pedaqoji Kollecin kollektivi, müxtəlif məktəblərin şagirdləri, yerli mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı istiqamətində həyata keçirdiyi tarixi rolundan danışıb. Ulu Öndərin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı xatırladan mətbaut katibi mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində bu Fərmanın mühüm addım olduğunu bildirib və qeyd edib ki, məhz bu hadisədən sonra mətbuata nəzarət edən baş idarə ləğv olundu.
 
Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsini xüsusi olaraq, diqqətə çatdıran C.Musaoğlu bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesinin xeyli asanlaşdırıldığını deyib.
 
Tədbirdə Kollecin direktoru Ağababa İbrahimov çıxış edərək, rəhbərlik etdiyi təhsil ocağı ilə Bilik Fondunun əməkdaşlığı nəticəsində maraqlı layihələrə imza atılacağına əmin olduğunu vurğulayıb.
 
“Astara” qəzetinin baş redaktoru Fəridə Zöhrəbqızı bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan mətbuatında da sürətli inkişaf yaşandı və bu inkişaf mətbuatı layiqli səviyyəyə çatdırdı.
 
Sonda Bilik Fondunun mətbuat katibi tədbir iştirakçılarına yaxın günlərdə Fondun Astara Bilik evinin rayonda fəaliyyətə başlayacağı xəbərini verib. Bu xəbər dinləyicilər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 02.05.2017

Son xəbərlər