Bilik Fondu Ümumdünya Qan Donorları Günü ilə əlaqədar maarifləndirici aksiya keçirib


14 İyun – Ümumdünya Qan Donorları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi birgə maarifləndirici aksiya keçirib. Hər iki qurumun əməkdaşları idarə və müəssisələrdə, təhsil ocaqlarında qan donorluğu ilə bağlı məlumat verib, bukletlər paylayıblar. Aksiyanın məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.
 
Ümumdünya Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə əhalinin məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin, öz qanını təmənnasız olaraq könüllü bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə qeyd olunur.
 
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Əhalinin könüllü qan donorluğu ilə bağlı maarifləndirilməsi müharibə şəraitində yaşayan ölkə üçün xüsusilə əhəmiyyətlidir.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 14.06.2017

Son xəbərlər